Azərbaycan prezidenti Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun iştirakçılarına təbrik məktubu göndərib
# 27 may 2014 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya Gənc Alimlərinin "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" başlığı altında Beynəlxalq Bakı Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, prezident məktubunda dünyanın bütün guşələrindən Bakıya toplaşmış gənc alimləri səmimi qəlbdən salamlayıb və forumun işinə müvəffəqiyyətlər arzulayıb: “Әminəm ki, ölkəmizə xas olan qonaqpərvərlik və işgüzarlıq ab-havası sizə gələcək planlarınızın müzakirəsi üçün gözəl imkanlar yaradacaq”.

Daha sonra prezident İlham Əliyev bildirib ki, sürətlə qloballaşan dünyada elmin rolu gündən-günə artmaqdadır: “İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olması, sənayenin kreativ sahələrinin inkişafı və digər amillər yeni ideyalar yaratmalar tələb etməklə gənclərin yaradıcı potensialının aşkarlanmasına güclü təkan verir. Sizin forumunuzda bu istiqamətdə atılan mühüm addım olacağına inanıram.

Azərbaycan indi dünyanın yüksək templərlə irəliləyən ölkələrindən biridir. Qazandığımız uğurlar ilk növbədə insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o cümlədən xaricdə təhsil proqramı onların elmə cəlb olunması üçün lazımı şəraiti təmin edib. Azərbaycanda mövcud olan liseylər akademiyası, çoxsaylı universitetlər, Elmin İnkişafı Fondu gənc alimlər nəslinin yetişdirilməsinə xidmət göstərir”.

Dövlət başçısı vurğulayıb ki, tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan antik dövrün elmi nailiyyətlərinin qorunub saxlanılması, eləcə də yeni nailiyyətlərin zənginləşdirilməsinə öz töhfələrini verib: “XIX əsrdən etibarən neftin sənaye üsulu ilə çıxarılmasını ilk dəfə həyata keçirən Bakı dünyada neftlə bağlı elm sahələrinin bünövrəsinin qoyulduğu məkan kimi tanınır. Bu gün ölkəmizdə dayanıqlı inkişafın təmin olunması və yüksək texnologiyalarla xidmət göstərilməsi gənclər qarşısında yeni üfüqlər açır. Ümidvaram ki, forum zamanı quracağınız qarşılıqlı əlaqələr hamımıza birgə layihələrin işlənib hazırlanması, müştərək araşdırmaların aparılması və bütövlükdə gələcəyə yönəlmiş elmi fəaliyyətin uğurla gerçəkləşdirilməsinə töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR