Azərbaycan Avstraliyadakı diaspor fəaliyyətini gücləndirir

Azərbaycan Avstraliyadakı diaspor fəaliyyətini gücləndirir
# 02 dekabr 2013 16:14 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Avstraliyadakı səfirliyində bu ölkədəki azərbaycanlı icmasının tanınmış üzvləri və fəalları ilə görüş keçirib.

APA-nın xəbərinə görə, görüşün əsas məqsədi Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi, azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının ölkəmizin milli maraqları əleyhinə, xüsusilə işğal olunmuş Dağlıq Qarabağın Avstraliyanın yerli və federal qanunverici orqanları tərəfindən tanınması istiqamətində intensiv fəaliyyətinin zərərsizləşdirilməsi məqsədilə prioritetlərin müəyyənləşdirilməsi olub.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov iştirakçıları tədbirin məqsədi, Azərbaycan hökumətinin son illər ərzində apardığı uğurlu daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, xarici ölkələrdəki diaspor təşkilatlarına verilən dəstək və bu dəstəyi zəruri edən amillər, Avstraliyadakı erməni icmasının ölkəmizə qarşı apardığı fəaliyyət barədə məlumatlandırıb: “Avstraliyadakı erməni diasporunun əsas təşkilatı – Avstraliya Erməni Milli Komitəsi (ANCA) Türkiyə ilə yanaşı, Azərbaycana da qarşı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkəmiz haqda mənfi rəy formalaşdırmağa çalışır. Təəssüflər olsun ki, bu yalan kampaniyası əksər hallarda cəmiyyətdə ölkəmiz haqda kifayət qədər məlumatın olmamasından istifadə edilərək həyata keçirilir. Bu bədnam fəaliyyətin qarşısının alınması məqsədilə ilk addım Azərbaycan həqiqətlərinin Avstraliya cəmiyyətinə düzgün çatdırılmasını təmin etmək və bu istiqamətdə əlaqəli və mərkəzləşdirilmiş qaydada hərəkət etmək olmalıdır”.

Tədbirdə çıxış edən “Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi”nin sədri İmamətdin Qasımov görülən işlər barədə məlumat verərək, yerli hakimiyyət orqanları, ictimai təşkilatlar və digər türkdilli xalqların diaspor quruluşları ilə aparılan əməkdaşlıqdan danışıb.

Sonda irəli sürülən təkliflər əsasında Avstraliyanın azərbaycanlı icmasının üzvilərinin təmsil olunduğu qurumların vahid federasiya və ya konfederasiya formatında birləşdirilməsi qərara alınıb və bu istiqamətdə ilk addımlardan biri kimi Sidney şəhərində azərbaycanlıların ümumi təsis yığıncağının təşkili ideyası qəbul olunub. Könüllülük prinsipi ilə doqquz nəfərdən ibarət müvəqqəti idarə heyəti seçilib, idarə heyətinin vəzifələri kimi yaradılacaq qurumun əsasnaməsinin hazırlanması və Sidneydə keçiriləcək toplantının təşkil edilməsi müəyyənləşdirilib.

Qeyd edək ki, 1992-ci ildə İmamətdin Qasımov tərəfindən “Azərbaycan Cəmiyyəti” adı altında təsis edilən “Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi” Avstraliyada azərbaycanlıların daha çox cəmləşdiyi Yeni Cənubi Uels ştatının paytaxtı Sidney şəhərində digər türk əsilli xalqların təmsilçiləri ilə sıx əməkdaşlıq şəraitində bu ölkədə yaşayan azərbaycanlılar və yerli ictimaiyyət nümayəndələri arasında əlaqələndirici və təşkilatlandırıcı qurum kimi fəaliyyət göstərir. Bundan başqa, təşkilatın yaxından dəstəyi və iştirakçılığı ilə 1993-cü ildən 2000 FM Radio stansiyasında 98.5 MHz tezliyində və internetlə efirə çıxan “Azərbaycanın səsi” (Voice of Azerbaijan) radiosu artıq 20 ildir həftənin hər bazar ertəsi dinləyiciləri Azərbaycanın sosial-siyasi həyatında baş verən hadisələr barədə məlumatlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR