Terrorçuluq barədə yalan məlumat verən şəxsin şikayəti üzrə məhkəmə başlayıb

Terrorçuluq barədə yalan məlumat verən şəxsin şikayəti üzrə məhkəmə başlayıb
# 11 noyabr 2014 08:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluq və terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Füzuli Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Məhkəmə baxışı isə noyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, Füzuli Hüseynov tanışı, müharibə veteranı Cəmil Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən qohumunun vasitəsi ilə avtomobil veriləcəyinə kömək edəcəyini yalandan vəd verib, aldadaraq Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən "Olimp" mağazasının qarşısındakı yeraltı keçiddə 2013-cü il mayın 2-də 1500 manat və mayın 5-də 1700 manat pulunu alıb.

Analoji üsulla Hüseynov mayın 4-də tanış olduğu müharibə veteranı Dilsuz Məmmədovu aldatmaqla, ondan adı çəkilən yerdə 1000 manat pulunu alıb və zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Bundan əlavə, 2013-cü il dekabrın 11-i axşam saat 18 radələrində Füzuli Hüseynov sərxoş vəziyyətdə mobil telefonundan FHN 112 xidmətinə zəng edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon şöbəsində partlayıcı qurğu quraşdırıldığını, bir neçə dəqiqədən sonra partladacağını deməklə insanların həlak olmasına səbəb ola biləcək partlayış barəsində bilə-bilə yalan məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.


Füzuli Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 ( dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə ) və 216 (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR