Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 05 avqust 2014 10:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, görüşdə dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd edib. İki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev nazir Mahmud Vaezinin Azərbaycana səfərinin də uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

Nazir Mahmud Vaezi İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O, Prezident Həsən Ruhaninin Azərbaycanın dövlət başçısı ilə Davosda və Tehranda keçirdiyi görüşləri məmnunluqla xatırladığını deyib. Mahmud Vaezi ötən səfərləri zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini xatırlayıb. M. Vaezi Bakıda inanılmaz inkişafın şahidi olduğunu və ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR