Partiya sədri: “İctimai Palatada Cəmil Həsənli və Ərəstun Oruclunun namizədliyi müzakirə olunur”

Partiya sədri: “İctimai Palatada Cəmil Həsənli və Ərəstun Oruclunun namizədliyi müzakirə olunur”
# 05 iyul 2012 20:58 (UTC +04:00)
Bakı-APA. “Avropa Birliyi Şurasına rəhbərlik edən şəxsin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı İrəvan və Bakıda verdiyi bəyanatlar bir daha sübuta yetirdi ki, Azərbaycan torpaqlarının azad olunması üçün beynəlxalq təşkilatlardan heç nə gözləməyə dəyməz”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeyin regiona səfərini şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O beynəlxalq təşkilatları bir milyon insanın münaqişənin həlli uzandığı üçün köçkün vəziyyətdə yaşamalarına görə “məsuliyyət dərk etməməkdə, utanmamaqda və vicdan əzabı çəkməməkdə” ittiham edib.

“Herman Van Rompeyin səfərinin nəticəsində bir daha əmin olduq ki, heç kim bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək. Onların məqsədi belə səfərlərlə əlavə vaxt qazanmaqdır” deyə, partiya sədri bildirib: “Çalışırlar ki, müxtəlif vasitələrlə münaqişənin həllini daha 20 il uzatsınlar. Sonra isə 40 il müstəqil yaşamış qondarma qurumun Azərbaycanın tərkibində ola bilməsinin mümkünsüzlüyünü bəyan edib Dağlıq Qarabağın müstəqilliyini tanısınlar”.

Partiya sədri İctimai Palatanın gələn il keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı gərginliyinə də münasibət bildirib: “Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət edən şəxslər tanımıram. Ona görə də onların bir-birinə güzəştə getmələri çətin məsələdir”.

Q. Həsənquliyev deyib ki,xarici qüvvələrin İctimai Palatanı dəstəkləməsinin gözlənilən olmadığı bəllidir: “Beynəlxalq Birlik Azərbaycanın indiki prezidentini birmənalı şəkildə dəstəkləyir. Xüsusilə də ABŞ, Rusiya və Türkiyə. O ölkələr ki, onların Azərbaycanın daxili siyasətinə təsir etmək imkanları var. Hazırda Azərbaycanın yürütdüyü daxili və xarici siyasət hər 3 dövlətin maraqlarına əsasən cavab verir”.

Partiya sədri Azərbaycanda ciddi sosial gərginlik olmadığını da qeyd edib: “Eyni zamanda cəmiyyət də yeni keyfiyyət dəyişikliklərinə hazır deyil. Bu baxımdan, nəinki İctimai Palatanın, bütövlükdə müxalifətin bu seçkilərdə uğur qazanmaq şansı çox aşağıdır.

İctimai Palatanın vahid namizəd müzakirələri ilə bağlı bir də onu deyə bilərəm ki, məndə olan məlumata görə, həmin düşərgənin təmsilçiləri Ziyalılar Forumundan Cəmil Həsənlinin, ya da müstəqil ekspert Ərəstun Oruclunun namizədliyi üzərində dayanmaq istəyirlər. Mənə çatan bilgilərə görə, İctimai Palatada bu tipli müzakirələr gedir. Hər halda bu iki şəxs həmin düşərgədə təmsil olunan insanların arasında həm ölkə daxilində, həm də ölkədən kənarda ən çox tanınanlardır. Məncə, bu şəxslərin namizədliyi o düşərgənin seçkilərdə daha yaxşı təmsilçiliyin şərtləndirə bilər. Ancaq həmin şəxslərdən birinin namizədliyinin irəli sürülməsi də hazırda İctimai Palata adı ilə çıxış edən düşərgəyə ciddi uğur qazandıra bilməyəcəyinə əminəm. Düşünürəm ki, bütövlükdə müxalifət qüvvələri sonradan sarsıdıcı xəyal qırıqlığına düçar olmamaq üçün seçkilərdə qələbə qazanmağı hədəf seçməməli, cəmiyyətin inkişafına töfhə vermək üçün onun irəli aparılmasının yolları barədə düşünməlidirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR