«Günay Sığorta» şirkəti bank depozitlərini kəskin artırıb

«Günay Sığorta» şirkəti bank depozitlərini kəskin artırıb
# 25 sentyabr 2012 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin banklara investisiya şəklində yerləşdirdiyi depozitlərin həcmi 2,7 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 60% çoxdur.

Şirkətin baş mühasibi Həlimə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, ölkədə korporativ qiymətli kağızlar bazarının inkişaf səviyyəsi aşağı olduğundan şirkət öz vəsaitlərini bank depozitlərinə yatırmağa üstünlük verir.

Baş mühasib daha sonra şirkətin bu ilin yanvar-avqust ayları üzrə maliyyə göstəriciləri barədə danışıb. Onun sözlərinə görə, qeyd olunan dövrdə şirkətin sığorta yığımlarının həcmi 322,780 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,8% azdır. Sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi isə 36% artaraq 208,896 min manata çatıb.

Yığımlarda ən çox «Əmlakın yanğından və digər risklərdən sığortası» (145,808 min manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (88,808 min manat) növlərinin payına düşüb. Ödənişlərdə isə 82,311 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 20,994 min manat isə «Tibbi sığorta» növü üzrə ödənilib.

H.Əliyeva daha sonra şirkətin nizamnamə kapitalının artırılması üçün əlavə 1,5 mln. manatlıq səhm emissiyasının buraxılacağını da bildirib. «Cari ilin sonunadək şirkətin nizamnamə kapitalı 40% və ya 1,5 mln. manat artırılaraq 5 mln. manata çatdırılacaq. Hazırda bu istiqamətdə müvafiq sənədlərin hazırlanması işləri görülür», - deyə baş mühasib vurğulayıb.

Xatırladaq ki, səhmdarları «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) olan «Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü sığorta növü üzrə xidmət göstərir. Cari ilin sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 3,550 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR