Bakıda “Beynəlxalq ticarət sərgilərində iştirak” mövzusunda seminar keçirilib

Bakıda “Beynəlxalq ticarət sərgilərində iştirak” mövzusunda seminar keçirilib
# 11 sentyabr 2012 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Bakıda “Beynəlxalq ticarət sərgilərində iştirak” mövzusunda seminar keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, seminarda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda iqtisadi siyasətin prioritetlərindən olan sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və s. kimi kompleks tədbirlər davam etdirməsini bildirib. Z.Qasımov ölkənin biznes və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsulları üçün yeni bazarların tapılmasının stimullaşdırılması, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən sərgilər, biznes forumlar və işgüzar görüşlər barədə geniş məlumat vermiş, beynəlxalq ticarət sərgilərinin keçirilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin, Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Rüfət Məmmədov sahibkarların beynəlxalq sərgilərdə iştirakı və milli məhsulların nümayiş olunması, ölkə brendinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyasının əməkdaşı, Almaniyanın “Fairconcept GbmH” şirkətinin icraçı direktoru Anna Katharina Eşh rəqabət qabiliyyətli məhsulların seçilməsi və onların ixracının genişləndirilməsi, yerli məhsulların beynəlxalq sərgilərdə uğurlu iştirakı üçün milli məhsulların cəlbediciliyinin artırılması istiqamətində Almaniya təcrübəsi barədə təqdimatlarla çıxış edib.

Seminarda “Beynəlxalq ticarət sərgiləri - strateji marketinq üsulu”, “Ticarət sərgisinin seçilməsi - seçim üçün üsullar və rəqəmlər”, “Ticarət sərgi layihəsinin idarə edilməsi”, “Brendləşdirmədə marketinqin vacibliyi” və s. mövzular müzakirə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR