Bakı metropolitenində yeni tədris mövsümünün başlanması ilə əlaqədar hazırlıq işləri planlaşdırılmış qaydada davam etdirilir.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, metropolitendə 2009-cu ildən sonra ilk dəfə intervalların azaldılmasına nail olunub:
“Sıxlığın qismən tənzimlənməsi, sərnişin məmnunluğunun daha da artırılması baxımından bu addımlar müsbət nəticə verib. Bu isitqamətdə zəruri tədbirlər aparılır. Hazırda qatarların hərəkət qrafikinin payız-qış mövsümünə uyğun qurulması ilə bağlı işlər yekun mərhələsindədir.
Bununla yanaşı, həm yeni tədris mövsümü, müxtəlif qurum, müəssisə və təşkilatların iş rejimi ilə bağlı məlumatların toplanması və emal edilməsi, paytaxtın mobillik planlarında, digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün dəyişikliklər də nəzərdə saxlanılır”.
E.Əhmədov bildirib ki, payız mövsümünün gəlişi ilə əlaqədar metropoliten infrastrukturunda texniki və insan resursları baxımından hazırlıq tədbirləri də davamlı olaraq aparılır:
“Qatarlarla yanaşı, eskalatorların, ventilyatorların iş rejimləri, sərnişinə xidmət avadanlıqları və sistemləri diqqətdə saxlanılır və bu istiqamətlərdə planlı işlər aparılır.
Dövrün xüsusiyyətləri nəzərə alınmaqla, infrastruktur və metropolitendən istifadə qaydaları, yönləndirilmə, səmti rahatlıqla müəyyən və s. ilə bağlı sərnişinlə birbaş ünsüyyətdə olan işçi personalının hazırlığı və təlimatlandırılması zamanında yekunlaşdırılacaq”.
Müşavir həmçinin qeyd edib ki, Bakı metrosunda inrervalın azaldılması ilə bağlı monitorinqlər də yekunlaşır:
"Bu ilin may ayında metroda qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb. Hazırda hədəf mövcud texniki imkanları bir qədər təftiş edərək, intervalı bir qədər də azaltmaqdır. İndi 2 qatar cütü sayında xətlərdə hərəkətin bir az da sıxlaşdırılması üzərində iş aparılır. Əsas hədəf yeni tədris mövsümündə sərnişinləri daha çox maraqlandıran ənənəvi sərnişin sıxlığının müsbət texniki həlləri tətbiq etməkdir. İntervalın azaldılması sərnişinin ən sıx olduğu saatlarda tətbiq olunacaq. Bununla bağlı müvafiq monitorinqlər yekunlaşmaq üzrədir. Yeni mövsüm ərəfəsində elan ediləcək. Lakin onu xüsusi qeyd etmək olar ki, intervalın azaldılması üçün əlavə 4 qatarın stansiyadan keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranacaq. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımına bərabər bir rəqəmdir”.