Bank Of Baku

“Bank of Baku”nun dəstəyi ilə “Uğurun Xəritəsi” işıq üzü görüb

 “Bank of Baku”nun dəstəyi ilə “Uğurun Xəritəsi” işıq üzü görüb
# 10 avqust 2016 14:13 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku” ASC həyata keçirdiyi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin iştirakçısı Murad Məmmədovun kitabının nəşr olunmasında maliyyə dəstəyi göstərib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Uğurun Xəritəsi” adlanan kitabın rəsmi təqdimat mərasimi keçirilib: “Kitab, müəllifin qeyd etdiyi kimi, təkcə fiziki məhdudiyyəti olan şəxslər üçün deyil, eyni zamanda sağlamlığında heç bir məhdudiyyəti olmayan, həyatda qarşılaşdığı çətinlikləri dəf etməkdə özünəinam və motivasiyaya ehtiyacı olan hər bir şəxs üçün nəzərdə tutulub”.

 

M. Məmmədov deyib ki, kitabın işıq üzü görməsi və oxuculara çatmasına qədər gedən yol kitab yazmaq qədər çətindir: “Nəhayət ki, ilk müraciətimdən dəstək göstərəcəyini qeyd edən qurum tapıldı. Bu “Bank of Baku” ASC oldu. O “Bank of Baku” ki, məni və 40 nəfərə yaxın fiziki əlilliyi olan şəxsi “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsi altında toplayaraq, dəstəyə ehtiyacı olan şəxslərə lazımi dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük bir töhfə verib. Bank, bu gün də, öz missiyasını davam etdirərək, həm mənim yaşadığım və şahidi olduğum hadisələri kitab şəklində insanlara çatdırmaq məqsədimin gerçəkləşdirilməsində, həm də kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün  böyük fürsət yaradaraq bu sosial layihənin həyata keçirilməsini öz üzərinə götürdü.”

 

“Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirova bildirib ki, bundan sonra da bank tərəfindən belə layihələrə dəstək veriləcək: “Dəstəyə ehtiyacı olan şəxslərin həyatında müsbət dəyişiklik gətirə biləcək bu kitabın nəşr olunmasında bizim də rolumuzun olduğu üçün qürur duyuruq. Sosial Məsuliyyət siyasətimizə sadiq qalaraq, bundan sonra da cəmiyyət üçün faydalı ola biləcək layihələrin icrasında böyük məmnuniyyətlə öz dəstəyimizi göstərəcəyik”, - deyə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR