Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli "APA-Economics"ə bildirib ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib: "Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub. Dərhal əraziyə "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qısa müddət ərzində yolda hərəkət bərpa olunub".
A.Nəcəfli əlavə edib ki, hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. "Nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur", - deyə o qeyd edib.