Bank Of Baku

"Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub

"Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub
# 13 iyun 2017 11:54 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında "Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanununun layihəsi müzakirə edilib.

 

"APA-Economics" xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Mənzil Məcəlləsinin 2009-cu ildən qəbul edildiyini xatırladan Ə.Hüseynli bildirib ki, məcəllədə çoxmənzilli binaların idarə edilməsinin 3 forması müəyyən edilib: "Çoxmənzilli binalar ya bilavasitə, yəni bir nəfərin seçilməsi, ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ya da əvvəlki qaydada idarə edilir. Məcəllədə çoxmənzilli binaların idarə olunmasının vahid qaydası nəzərdə tutulmamışdı. Bu dəyişiklik məhz çoxmənzilli binaların idarə olunmasının vahid qaydasını nəzərdə tutur".


Millət vəkili Çingiz Qənizadə və Zahid Oruc qeyd ediblər ki, tikinti şirkətlərinin çoxmənzilli binaların idarə edilməsi zamanı nöqsanlara yol verir.


"Biz öz mənzillərimizdə kirayəçi kimi qalırıq. Belə ki, bəzən mənzil sahibi 100-150 manat kommunal haqq ödəyir. Qapalı şəhərciklərdə bu məbləğ hətta 200 manata da yüksəlir. Əslində mənzil sahibi blokun təmizlənməsi, liftdən istifadə, eləcə də binaların təmirinə görə kommunal haqq ödəyir. Nəzərə alsaq ki, binalar 5-7 ildən bir təmir edilir, belə olan halda ödənilən vəsait hara gedir. Buna görə də yeni qanuna ehtiyac var", - deyə Z.Oruc vurğulayıb.

Qeyd edək ki, qanun layihəsində Azərbaycan prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni 141-1 (Çoxmənzilli binanın idarə edilməsi qaydası) maddəsinin əlavə edilməsi təklif edilir.

 

Yeni maddəyə görə, Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Bu məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu məcəllənin 141-1.1 maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır.

 

Bu məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

Bundan başqa qanun bir sıra maddələrinə yeni maddədən irəli gələn zəruri dəyişikliklər təklif olunur.


Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR