Bank Of Baku

ARDDA-nın əməkdaşı Dünya Dənizçilik Universitetinin magistraturasını yüksək göstərici ilə bitirib

ARDDA-nın əməkdaşı Dünya Dənizçilik Universitetinin magistraturasını yüksək göstərici ilə bitirib
# 08 noyabr 2016 10:39 (UTC +04:00)

Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Fuad Mərdiyev İsveç Krallığının Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetinin 2015-2016-cı illər üzrə Dəniz siyasəti və hüququ ixtisasının magistratura pilləsini yüksək göstərici ilə bitirib.

 

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, F.Mərdiyev adıçəkilən universitetdə müxtəlif istiqamətlər üzrə təhsil alan 50-dən çox ölkəni təmsil edən 114 nümayəndəni qabaqlayaraq ölkəmizin adını ən yüksək pilləyə qaldırıb.

 

Dünya Dənizçilik Universitetində keçirilən məzun günündə Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim, adıçəkilən universitetin rektoru Doktor Kleopatra Doumbia-Henri, Beynəlxalq Dəniz Təşkilatının keçmiş baş katibi Efimios Mitropoulus, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev, Assambleyanın gənclər, təhsil, elm məsələləri üzrə vitse-prezidenti Aidə Məmmədova, Assambleyanın İsveç təmsilçiliyi üzrə rəhbəri Aqil Vəliyev, eləcə də İsveçdə yaşayan digər həmvətənlərimiz iştirak edib.

 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bakalavr pilləsi, Bakı Slavyan Universitetini magistr pilləsi üzrə bitirən Dövlət Dəniz Administrasiyasının əməkdaşı F. Mərdiyev məzun günündə Beynəlxalq Dəniz Təşkilatının baş katibi və Dünya Dənizçilik Universitetinin konsulu olan Kitak Lim tərəfindən akademik göstəricilərə görə “Chancellor’s Medal”ı ilə təltif olunub.

 

Qeyd edək ki, 1983-cü ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilən Dünya Dənizçilik Universitetində magistratura və doktorantura pilləsi üzrə hər il dünyanın müxtəlif ölkələrini təmsil edən dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssislər təhsil alır.

 

Xatırladaq ki, Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim, Türkiyənin baş naziri Binəli Yıldırım və dəniz nəqliyyatı sahəsi üzrə çalışan bir sıra tanınmış mütəxəssislər qeyd edilən universitetin məzunlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR