Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT-nin Dəniz hüququ haqqında konvensiyasının iştirakçı dövlətlərinin 27-ci iclası işinə başlayıb.
Dövlət Dəniz Administrasiyasının (ARDDA) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 16-dək davam edəcək tədbirdə Azərbaycanı ARDDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasda Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçiləcək, xarici auditorun 2015-2016-cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015-2016-cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə Baş katibin hesabatı dinləniləcək, rəsmi sənədlərə dair BMT-nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26-cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşkilatların siyahısı, BMT-nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunacaq.