Bakı - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar Bakıdan Londona müntəzəm reyslərin sayını artırır.
AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Böyük Britaniya paytaxtının əsas hava limanı olan Hitrou aeroportuna həftədə beş reys həyata keçirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.
Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş saatı 19:05-də, Londona gəlmə saat 21:05-də, Londondan uçuş saatı 22:05-də, Bakıya gəlmə isə saat 07:35-də olacaq.
Qeyd edək ki, Londona reyslər müasir "Boeing-787 Dreamliner" təyyarəsində həyata keçirilir.