İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.
Ölkəmizdə dövlət idarəçiliyi və əhaliyə dövlət xidmətlərinin müasir əsaslar üzərində səmərəli və şəffaf təşkilində, informasiya və məlumatlandırma sistemlərinin imkanlarının artırılmasında informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə geniş vüsət alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də İKT-nin uğurlu tətbiqi şəraitində son illərdə aparılan mühüm islahatlar əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qabaqcıl təcrübə nümunələri formalaşdırmaqla, həmin sahələrdə idarəetmə və xidmətlərin keyfiyyətinin xeyli yüksəlməsinə yol açıb. Artıq 3 ilə yaxındır ki, tətbiq edilən, Azərbaycanın yerli mütəxəssislərinin bilik və bacarığının məhsulu olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək bazarına nəzarətin operativ və səmərəli təşkilində, bu sahə ilə bağlı dəqiq uçotun aparılmasında, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək və sosial hüquqların təminatında xüsusi əhəmiyyət kəsb edir.
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilir. 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 mln.a yaxın müraciət qeydə alınıb ki, onlardan 7 mln.a yaxını və ya 14,6%-i məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.
BTİ tərəfindən cari ilin 30 mart - 30 aprel tarixlərində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Ümumilikdə 467 elektron layihədən 345-i uğurlu hesab edilərək müsabiqədə iştirak etməyə buraxılıb. Onlardan 41-i MDB regionundan təqdim edilib. Həmçinin müsabiqədə iştirak edən elektron layihələrin 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.
Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində nominasiyaların hər biri üzrə ən çox səs toplayan ilk 5 layihə müəyyən olunub. Həmin layihələrdən ibarət 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.
Hazırda 193 ölkənin üzv olduğu, bir sıra İKT tənzimləyicilərini, aparıcı elmi institutları, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ beynəlxalq telekommunikasiyanın nizamlanması, standartlaşdırılması, uzlaşdırılması və inkişafı, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, 8 nəfərlik nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçi Ceyran Əmiraslanova, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təmsilçiləri daxildir.