Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ilə görüş keçirilib.
Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda son illər ərzində görülən işlər, Azərbaycanın tranzit imkanları, ölkənin nəqliyyat qurumlarının “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə danışıb.
İkitərəfli görüşdə “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı və “Azərbaycan Dəmir Yolları” QSC-nin bu sahədə fəaliyyəti, rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunub.
Rumıniyanın Azərbaycandakı səfiri D. Yanku ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsini vacib sayıb.
Xatırladaq ki, bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov Rumıniyada səfərdə olarkən Cənub-Qərb beynəlxalq marşrutu ilə yük daşımalarının təşkili imkanlarını müzakirə edib. Bu ilin oktyabr ayında isə C. Qurbanovun Tehranda apardığı danışıqlar zamanı “DB Cargo” şirkətinin iştirakı ilə sınaq qatarının məhz Rumıniyanın Konstansa şəhərindən Cənub-Qərb marşrutu ilə göndərilməsinə dair qərar qəbul edilib. Həmin qərara əsasən test qatarı Rumıniyanın Konstansa limanından yola salınacaq və Tehrana 8 gün ərzində çatacaq.
Onu da qeyd edək ki, Rumıniyanın “Translogist Sistem SRL” şirkəti TransXəxər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin üzvüdür. Beləliklə, Rumıniyanın Azərbaycanla nəqliyyat sahəsində bu marşrut üzrə də əməkdaşlıq edir.