Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib.
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, açılış mərasimində "Azərbaycan Dəmir Yolları"nın sədri Cavid Qurbanov iştirak edib.
Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən “Azərbaycan Dəmir Yolları" QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır. Dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulmasına yanvar ayında start verilib. Əsaslı təmirdən sonra burada bir deyil, iki baza fəaliyyət göstərir. Birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.
Hazırda bazada müxtəlif fasilələrlə 6 ədəd çatılı kran fəaliyyət göstərir. Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyununb-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib-istifadəyə verilmiş, ərazi müasir səviyyəli hazırlanmış, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar, yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Texnikalar üçün nəzərdə tutulan anqarın və yeni stadionun tikintisi davam edir.
C. Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib, dəmiryolçuları 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı münasibətilə təbrik edib.