İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİKTM) “Böhranın idarə olunması və kommunikasiyası” mövzusunda seminar keçirilib.
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, İİTKM-nin konsaltinq və treninq koordinatoru Kamil Ələsgərov bu tipli treninqin ölkəmizdə ilk dəfə həyata keçirildiyini deyib. O treninqin hədəfləri barədə ətraflı məlumat verərək bildirib ki, əsas məqsəd böhranın idarə olunması və ictimaiyyətlə kommunikasiyanın düzgün qurulması ilə əlaqədar mövcud beynəlxalq təcrübənin mənimsənilməsi və mübadiləsindən ibarətdir.
Dövlət qurumları üçün nəzərdə tutulan tədbir Dünya Bankının mütəxəssislərinin dəstəyi ilə reallaşdırılır. Dünya Bankının ekspertləri böhran hallarında dövlət qurumları arasında koordinasiyanın vacibliyini qeyd edərək, fəaliyyətlərin birgə şəkildə uzlaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, böhran hallarında ictimaiyyəti ən çox maraqlandıran suallar, dövlət qurumlarına ünvanlanan sorğular vaxtında cavablandırılmalı, narahatlıq doğuran məqamlara dərhal aydınlıq gətirilməlidir.
Tədbirin sonunda ekspertlər tərəfindən iştirakçıların marağına səbəb olan mövzular üzrə geniş müzakirələr aparılaraq, çoxsaylı suallar cavablandırılıb. Seminarın təşkili İİTKM-nin keyfiyyətli konsaltinq və treninq xidmətlərini inkişaf etdirmək istiqamətində həyata keçirdiyi mühüm addımlardan biridir.