Təhlükəli yüklərin avtonəqliyyat vasitələri və dəmiryol nəqliyyatı ilə daşınması qaydaları müəyyənləşdirilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.
Sənədə əsasən, partlayış təhlükəli maddə və məmulatları, tezalışan maye və qazları (çəndə və konteynerlərdə) daşıyan nəqliyyat vasitələri radiatorun qabağından sağ tərəfə çıxan səsboğanla təchiz edilməlidirlər. Mühərrikin yerləşməsi belə avadanlıqlaşdırmaya imkan vermədikdə səsboğan yanacaq borularından, bandan və çəndən aralı sağ tərəfə çıxarılmalıdır. Tezalışan maye və qazları daşıyan nəqliyyat vasitələrinin səsboğanı asan sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilməlidir. Partlayıcı maddələr, təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar, tezalışan mayelər, tezalışan maddə və materiallar, oksidləşən məmulatlar və üzvi peroksidlər daşıyan avtonəqliyyat vasitələrinin elektrik avadanlığına dair tələblər də təsdiqlənib. Həmin avtonəqliyyat vasitələrinin elektrik avadanlığında gərginlik 24 voltdan yüksək olmamalı, elektrik şəbəkəsinin gərginliyin artmasına qarşı elektrik qoruyucuları ilə təchiz olunmalı və banın və kabinənin daxilində olan elektrik lampaları metal torla örtülməlidir. Təhlükəli yükdaşıyan avtonəqliyyat vasitələri nəqliyyat vasitəsinin xırda təmiri üçün alətlər dəsti, həcmi 5 litrdən az olmayan toz və ya karbon qazlı odsöndürən balonla, öz-özünə hərəkət etməyə qarşı tıxac, partlayıcı maddələr, tezalışan mayelər, radioaktiv və yoluxdurucu maddələr, tezalışan və zəhərləyici qazlar, güclü təsirə malik zəhərləyici maddələr daşınarkən, iki ədəd “Giriş qadağandır” nişanları ilə təchiz olunmalıdır. Alışma temperaturu 610C-dən aşağı olan təhlükəli yüklərin yüklənməsi, yaxud boşaldılması əməliyyatlardan əvvəl statik elektrik cərəyanına qarşı (zəncirlə) lazımi torpaqlanma aparılmalıdır. Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin çənləri texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatının tələblərinə cavab verməlidir . Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələri təhlükəli yükü boşaltdıqdan sonra kimyəvi maddələrlə yuyucu-buxarlayıcı deqazasiya olunmalıdır. Qəza şəraitinin yaranması halları üçün təlimatlar sürücünün kabinəsində olmalı, asanlıqla tapılmalı, digər sənədlərdən ayrı saxlanmalıdır. Avtonəqliyyat vasitələri yüklə yayıla biləcək alovu və ya yanan şini, digər alovlanan hissələri söndürmək üçün daşına bilən tozla və ya köpüklə odsöndürən balonla təchiz olunmalıdırlar.
Tərkibində partlayıcı maddə yüklü vaqonlar olan qatarların buraxılması və onlarla manevr qaydası, stansiya işçilərinə, texniki və kommersiya baxışı məntəqələrinə, lokomotiv briqadalarına, hərbiləşdirilmiş mühafizə bölmələrinə, mütəxəssislərə, yük müşayiətçilərinə və bələdçilərə xəbərdarlıq, qatarların nəzərdə tutulan yollara qəbulu və göndərilməsi qaydaları isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyəti tərəfindən müəyyən olunur və stansiyanın texniki-sərəncam aktında əks olunur. Belə yüklə yüklənmiş və daşınma sənədlərində “Təpədən buraxma” ştempeli olan vaqonlar çeşidləmə yollarında dayanarkən, təpə tərəfdən hər iki relsə 25 metr məsafədən az olmayaraq qoyulan iki qoruyucu tormoz başmaqları ilə mühafizə olunmalıdır. Partlayıcı maddə yüklü vaqonları müəssisə və təşkilatların dalan yollarına verərkən manevr tərkibinin sürəti saatda 15 km-dən artıq olmamalıdır. Tərkibində üçüncü üst, üçüncü alt və daha böyük dərəcəli, dördüncü yan və daha böyük dərəcəli əndazəsiz yüklü partlayıcı maddə yükləri olan vaqonların qatarların tərkibində daşınmasına yol verilmir. Partlayıcı maddə yüklənmiş vaqonlar qatarların tərkibinə elə qoşulur ki, onların uzunluğu, hərəkət yolunda olan qəbul-göndərmə yolunun uzunluğuna uyğun olsun. Partlayıcı maddə yüklü vaqonları olan qatarların tərtibatında tezalışan yüklərlə yüklənmiş vaqonlar onların arxasınca müvafiq mühafizə vaqonundan sonra qoşulur. Təhlükəli yüklərin doldurma-boşaltma estakadalarında elektrostatik yükləmədən və təbii fəlakətdən - şimşəkdən qorunmaq məqsədi ilə torpaqlama konturu quraşdırılır. Estakadaların metal hissələri, boruları, hərəkətedən doldurub-boşaltma vasitələri, tutumları avtosisternlər teleskoplu boruları və ucluqları neft və neft məhsullarının doldurulub boşaldılması zamanı torpaqlama konturuna qoşulmalıdır. Təhlükə potensiallı obyektlər yanğından mühafizə məqsədi ilə yanğınsöndürmə vasitələri ilə təchiz edilirlər.
Partlayıcı materiallar, zəhərli maddələr, zəhərləyici xüsusiyyəti olan maddələr, maye və sıxılmış qazlar, daşınan dalan yollarındakı keçidlər tənzimlənməli, mümkün olmadıqda göstərilmiş yüklərlə yüklənmiş vaqonların təhlükəsiz hərəkətini təmin edən tədbirlər görülməlidir. Rls izi 1512 mm-dən az və 1548 mm-dən çox olan dəmir yollarının istismar edilməsinə yol verilmir. Tərkibində təhlükəli yüklər olan vaqonlarla qatarların yaşayış məntəqələrinə yaxın ərazilərdə hərəkəti zamanı təhlükəsizlik zolağı təmin edilməlidir. Dəmir yoluna məxsus vaqonlarda daşınmasına icazə verilən təhlükəli yüklərin yüklənməsi və daşınmasının istismar müddəti 20 ildən artıq olmayan vaqonlarla və dartı vasitələri ilə həyata keçirilməsi zəruridir. Təhlükəli yüklərin dəmiryol nəqliyyatı ilə daşınması zamanı mümkün qəza vəziyyətlərinin lokallaşdırılması və ləğvi planı tərtib olunmalıdır.