“Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 - 91-ci km.lik (77,7 km) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi uğurla icra olunur.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə yol örtüyünün əsası (asfalt-beton örtük) 29 sm təşkil edəcək.
Layihəyə uyğun olaraq yol yatağının eni 27,5 m, yolun hərəkət hissəsinin eni 15 m,
hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir.
Yol geyiminin qalınlığı 1 m 16 santimetrdir. Yolun hamarlayıcı layı 50 sm,
əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm,
bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm,
üst aşınma layının qalınlığı 4 santimetr təşkil edir.
Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur:
13,3 - 15,1 km;
15,1 - 44,6 km;
44.6 - 67.5 km;
67,5 - 91,0 km.
Yolun 44,6-67,5-ci km-lik (22,9 km) hissəsi (Cəngi-Qobustan) üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb. Yol boyu layihə çərçivəsində 42 ədəd dairəvi boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa olunub. Bundan başqa yolun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 m, eni isə 2,7 m-dir.
Yolun 62,9-cu km-də, Ceyrankeçməz çayı üzərində 47,5 m uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də başa çatdırılıb.
Layihənin 13,3 - 15.1-ci km.lik (1,9 km) hissəsində (Müşfiqabad qəsəbəsi) yerinə yetişdirilmiş iş həcmi 19 faiz təşkil edir. Burda tikinti işlərinə 2016-cı ilin avqust ayında start verilib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, nəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir.
Bundan başqa su keçidi və metal konstruksiyalı 2 ədəd yerüstü piyada keçidi inşa edilir, həmçinin piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1,5 m enində səkilərin də tikintisi nəzərdə tutulub.
Layihənin 15,1 – 44,6-cı kilometrlik (29,6 km) hissəsində (Müşviqabad-Cəngi) tikinti işlərinə 2011-ci ilin avqust ayından başlanılıb. Bu günə qədər yerinə yetirilmiş iş həcmi 68% təşkil edir. Layihə üzrə bu hissədə 35 ədəd dairəvi borunun, 9 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geri dönmə hissələrin, 26 ədəd drenaj boruların və Pirəkəşkül qəsəbəsi ərazisində 1 ədəd metal konstruksiyadan ibarət yerüstü piyada keçidinin tikintisi işləri aparılmalıdır. Hazırda bu hissədə mövcud yolun 15-22-ci kilometrliyində deformasiyaya uğrayan hissələrin yenidən qurulması və su ötürücü boruların tikintisi işləri aparılır.
Layihənin 67,5 – 91,0 kilometrlik (23,5 km) hissəsində isə (Qobustan-Bədəlli) tikinti işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb və yerinə yetirilmiş işlərin həcmi 74%-dir. Yolun 68,4-cü kilometrliyində, Ceyrankeçməz çayı üzərində 2-ci avtomobil körpüsünün də inşası bitib. Körpünün uzunluğu 54,1 m təşkil edir. Layihə üzrə sözügedən hissədə 46 ədəd dairəvi borudan 17-si, 3 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa edilib. Hazırda torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfalt-beton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür. Sözügedən hissədə 5 ədəd yerüstü piyada keçidinin quraşdırılması nəzərdə tutulub. Hazırda keçidlərin tikintisi ilə əlaqədar işlərə başlanılıb. Magistral yolun 70-ci km-də sürüşməyə meylli sahədə svay işləri, əsasın alt materiallarının sərilməsi və asfalt-beton işləri davam etdirilir.
Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 - 91-ci kilometrlik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.
Bundan başqa, layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü də var. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq.
Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, nəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.