Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib.
"APA-Economics" xəbər verir ki, BTRİB "Baktelekom" əmtəə nişanı ilə fəaliyyətini davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da formalaşdırılıb.
Təqdimatda çıxış edən BTRİB-in baş direktorun kommersiya məsələləri üzrə müşaviri Ramin Muxtarzadə yeni loqonun Morze əlifbası ilə "1881 BTC" simvollarını ehtiva etdiyini bildirib: “Eyni zamanda, BTRİB bu gündən etibarən yeni veb-saytını da istifadəyə verib. Müasir standartlara cavab verən yeni veb-sayta daxil edilmiş funksiyalar sayəsində istifadəçilər BTRİB-ə aid bütün xidmətlər haqqında ətraflı məlumat əldə edəcək, müəssisənin fəaliyyət dairəsinə aid olan xidmətlərdən onlayn şəkildə yararlanacaq və telekommunikasiya sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olacaqlar”.