Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib. Bu barədə APA-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Kanat Alpısbayev, Türkiyə Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt və "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.
Tərəflər Beynəlxalq TransXəzər nəqliyyat marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılması və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tədbirdə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirakı, Azərbaycanda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb. K. Alpısbayev, M. Baxtadze, V. Kurt çıxış edərək Beynəlxalq TransXəzər nəqliyyat marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu, bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildiriblər.
Görüşün sonunda Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, 3 avqust 2015-ci ildə Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomand ekspress” sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Çindən gələn ilk konteyner qatarı TransXəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq mümkün olub. Daha sonra Ukrayna TransXəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulub. Marşrutla hərəkət edən “Nomad Ekspress” qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da marşrutun əsas üstünlüklərindən biridir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun ötürmə qabiliyyəti artacaq və qatarların çatdırılma vaxtı qısalacaq.