Bank Of Baku

BNA qanunsuz yol nişanlarına qarşı reydlərə başlayıb

BNA qanunsuz yol nişanlarına qarşı reydlərə başlayıb
# 11 noyabr 2016 08:02 (UTC +04:00)

Bakı şəhərinin inzibati ərazisinə aid yollarda Bakı Nəqliyyat Agentliyinin (BNA) müvafiq icazəsi olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması hallarına rast gəlinir.  Bu barədə "APA-Economics"ə BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.


N. Allahyarovanın sözlərinə görə, ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması və digər məqsədlərlə müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermir: "Mövcud problemlərin və bu sahədə nöqsanların aşkar edilib aradan qaldırılması məqsədi ilə BNA müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanları quraşdırılmasına qarşı reydlərə başlayıb".

 

Qeyd edək ki, bu kimi problemlərin aradan qaldırılması məqsədi ilə BNA-nın mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilib, müvafiq icazə olmadan quraşdırılmış yol nişanları çıxarılıb, yaxud da obyektlərin sahiblərinə bu barədə aidiyyəti üzrə xəbərdarlıq edilib.

 

İnzibati Xətalar Məcəlləsinin 350-ci bəndinə əsasən müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər 30 manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, həmin məcəllənin 354-cü bəndinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan xahiş edir ki, bu cür hallarla qarşılaşdıqları təqdirdə "141" qaynar xəttinə müraciət etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR