18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, dəyişikliyə əsasən, "Formula 1" Azərbaycan Qran-prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayının sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq.
Qeyd edək ki, 11.02.2017-ci il tarixində 7 nömrəli müntəzəm sərnişindaşıma marşrut xəttinin dayandırılması ilə bağlı BNA-ya, o cümlədən “141” Çağrı Mərkəzinə 18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olunub. BNA bununla bağlı apardığı monitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli marşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.
"Sərnişinlərin rahatlığının təmin edilməsini prioritet məqsəd olaraq qarşısına qoyan BNA daxil olan şikayət və müraciətləri hər zaman diqqətdə saxlayır və ən önəmli məsələlərdən biri hesab edir", - deyə qurumun açıqlamasında bildirilir.