Bank Of Baku

Dənizçilərin peşə bayramı münasibətilə ARDDA-da tədbir keçirilib

Dənizçilərin peşə bayramı münasibətilə ARDDA-da tədbir keçirilib
# 23 iyun 2017 11:13 (UTC +04:00)

Azərbaycan prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər ilin 25 iyun tarixi respublikamızda "Dənizçi günü" peşə bayramı elan edilib.

 

"APA-Economics" xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının (ARDDA) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin kollektivləri iyunun 23-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.


Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

 

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə ARDDA-da tədbir keçirilib.

 

ARDDA rəisi Qüdrət Qurbanov, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibətilə onları təbrik edib, hər birinə işlərində uğurlar arzulayıblar.

 

Q.Qurbanov bildirib ki, Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Ümumiyyətlə hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamızda iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməmiş, dəniz nəqliyyatı sahəsinə cənab prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib".

 

Qurum rəhbərinin sözlərinə görə, prezidentin 6 fevral 2006-cı il tarixli 1271 nömrəli sərəncamı ilə yaradılan ARDDA-nın səlahiyyətlərinə respublikada dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə BMT-nin dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı və digər təşkilatlarla əməkdaşlığın, Azərbaycanın həmin sahədə tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi aid edilib.

 

Məhz dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə BMT-yə Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə adıçəkilən Təşkilatın 10 dekabr 2013-cü il tarixli A.1070 (28) nömrəli və A.1105 (29) nömrəli qətnamələrinə əsasən Audit Ekspert Qrupu bu ilin 28 may - 6 iyun tarixlərində Azərbaycanda səfərdə olub. Keçirilmiş audit yoxlaması zamanı Azərbaycan prezidentinin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

 

Q.Qurbanov xüsusi olaraq vurğulayıb ki, audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutması bir daha sübut edir ki, Azərbaycan prezidenti tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan respublikamızın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də region dövlətləri ilə yanaşı dünyanın qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə ediləcəyi şübhəsizdir.


ARDDA rəisi 4 mart 2016-cı il 165-VQ nömrəli qanunla "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulduğunu və adıçəkilən Konvensiyanın iştirakçı dövlətlərinin iclasında respublikamızın ilk dəfə təmsil olunduğunu qeyd edərək Azərbaycan prezidentinin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib.

 

"Xəzər Dəniz Gəmiçiliyi"nin sədri isə çıxışında bildirib ki, yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ilin oktyabrında prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış QSC qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdən kənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb. R.Vəliyev qeyd edib ki, gəmiçiliyin rəhbərliyi ilk növbədə 5 illik hədəfləri müəyyənləşdirib. Bunlar QSC-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdən kənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı və sair hədəflərdir.

 

"Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbər təyin edilməsi ilə iqtisadiyyatımızın bir çox sahələri kimi, neft sənayesində də yeni inkişaf dövrü başladı. Həmin dövrdə neft-qaz ehtiyatlarının çox hissəsinin yerləşdiyi dəniz yataqlarının kəşf edilib istismara verilməsi xeyli sürətləndi. Dənizdə bir-birinin ardınca çoxsaylı neft-qaz yataqlarının, o cümlədən zəngin “Günəşli” yatağının kəşfi məhz Ulu Öndərin rəhbərlik illərinə təsadüf edir. Dənizdəki neft-qaz yataqlarının genişmiqyaslı işlənməyə cəlb edilməsi Xəzər Dəniz Neft Donanmasının da imkanlarını xeyli artırdı. 80-ci illərdən başlayaraq dənizin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsini təmin etmək üçün daha müasir və güclü gəmilərin tikilməsinə ehtiyac duyuldu. Ona görə də 1980-ci ildən bu donanmaya xarici ölkələrdə - Almaniya, Finlandiya, Norveç, Polşa, Yuqoslaviya, Bolqarıstan və Fransada inşa edilmiş gəmilər alındı. Oxşar proses Xəzər Dəniz Gəmiçiliyində də gedirdi. Xorvatiyada sifariş verilmiş 8 gəmi-bərə keçmiş SSRİ-nin başqa gəmiçiliklərinə verilmədi, Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin şəxsi göstərişi ilə Bakıya gətirildi. Belə faktlar çoxdur. Dənizçilər bunu yaxşı bilir, yüksək qiymətləndirirlər", - deyə R.Vəliyev vurğulayıb.

 

QSC-yə beynəlxalq sertifikatların verilməsi və kredit reytinqinin alınması barədə danışarkən R.Vəliyev deyib ki, "Ernst & Young" şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirərək müsbət rəy verib, "Fitch" beynəlxalq reytinq şirkəti ilə "Xəzər Dəniz Gəmiçiliyi"nə kredit reytinqinin verilməsinə dair əməkdaşlıq sahəsində uğurlu iş aparılıb.


R.Vəliyev əlavə edib ki, Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bu layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla İran arasında dəmir yolu xəttinin tikintisi, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin yekunlaşdırılması, QSC üçün yeni hədəflər müəyyənləşdirir. "Xəzər Dəniz Gəmiçiliyi" qarşıda duran bütün məqsədlərə nail olmaq və yeni uğurlara imza atmaq üçün tam gücü ilə çalışır: "Ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri  Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün gəmiçiliyin donanmasının davamlı olaraq yenilənməsi çox vacibdir. Bu baxımdan, 2013-cü ildə açılan Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən QSC üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəmi-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib".

 

Həmçinin R.Vəliyev son 3 il ərzində 17 yeni gəminin alındığını bildirib: "Bunlardan 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,5 min ton yük götürmə qabiliyyətli quru yük gəmisi, 1 ədəd 13 min tonluq tanker, 3 ədəd təchizat gəmisi, 1 ədəd liman-yedək, 3 ədəd sərnişin gəmisidir".

 

Tədbir çərçivəsində "Rusiya Dəniz Registri Azərbaycanda" QSC-nin sədri Şaban Quliyev və başqaları son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və müasir tendensiyalardan danışıb, peşə bayramını qeyd edən dənizçiləri və onların ailələrinin hər bir üzvünü təbrik edib, zəngin təcrübəyə malik Azərbaycan dənizçilərinin onlara göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.


Daha sonra iştirakçılar adından Azərbaycan prezidentinə müraciət qəbul olunub.


Ardınca fəaliyyətində fərqlənənlərə "Dənizçi günü" münasibətilə "Dəniz Donanmasının fəxri işçisi" döş nişanları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR