Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Smiths Detection” şirkətinin “Hi-Scan Hi-Trax” baxış-rentgen texnikasının operator təlimi öz işinə başlayıb.
DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təlim ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində keçirilir.
5 gün davam edəcək təlim çərçivəsində DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Texniki Nəzarət Vasitələri şöbəsinin əməkdaşları tərəfindən "Avtomatlaşdırılmış aşkar etmə funksiyalarının işə salınması", "Rentgenoskopik təsvirlərin nümayiş etdirilməsi", "Smith Heimann texnologiyalarının növləri və tipləri", "İstismar zamanı yaranan nasazlıqların aradan qaldırılması" və digər mövzularda iştirakçılara məlumat veriləcək, praktiki məşğələlər təşkil ediləcək və sonda keçiriləcək imtahanın nəticələrinə əsasən iştirakçılar beynəlxalq sertifikatlarla təmin olunacaq.
Təlimdə DGK-nın gömrük-sərhəd buraxılış məntəqələrinin Skanlaşdırma şöbələrinin əməkdaşları iştirak edir.