Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2017-ci ilin birinci rübündə komitə tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə dair iclas keçirilib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, komitə tərəfindən birinci rüb ərzində görülmüş işlərə dair geniş məruzə ilə çıxış edən komitənin Aparat rəhbəri Ağamirzə Canmirzəyev 2017-ci ilin birinci rübünün uğurla başa vurulduğunu bildirib. O qeyd edib ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında digər sahələrlə yanaşı inşaat sektoru haqqında da danışaraq keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar nəticəsində bu il inşaat sektorunda canlanma müşahidə olunduğunu vurğulayıb.
A.Canmirzəyev bildirib ki, prezidentin qeyd etdiyi layihələrdən biri də Bakı şəhərinin müxtəlif yerlərində köhnəlmiş, qəzalı vəziyyətdə olan binaların sökülüb yenidən qurulması ilə bağlı “Pilot layihə” olub ki, bu layihənin həyata keçirilməsində komitə öz səlahiyyətləri çərçivəsində yaxından iştirak edir və qarşıdakı dövr ərzində də bu layihənin icrası ilə bağlı işlər prezidentin tapşırıq və tövsiyələri əsas götürülərək komitə üçün prioritet istiqamətlərdən biri olacaq.
İclasın sonunda Komitənin sədri A. Ələsgərov komitənin qarşıdakı fəaliyyətinə dair, o cümlədən prezidentin verdiyi tapşırıqların, komitənin fəaliyyəti ilə bağlı olan Azərbaycan prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, Dövlət Proqramları və Milli Fəaliyyət Planlarının icrası ilə bağlı müvafiq tapşırıqlarını verib.