Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanunun tələblərinə əsasən "Avanqard CXM" MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında 3 aprel 2017-ci il tarixində inspeksiya nəzarəti həyata keçirilib.
Komitədən "APA-Economics"ə verilən məlumata görə, inspeksiya nəzarəti zamanı orqanın AZS İSO/İEC 17025-2008 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər" standartının tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilib, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanıb.
İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən "Avanqard CXM" MMC-nin Çənlərin dərəcələnməsi laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.