Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda torpaqların uçot işlərinin aparılması üçün rayonların, inzibati ərazi-vahidlərin, bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi problemi ilə məşğul olmağa başlanılıb. APA-nın xəbərinə görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib ki, nəticədə respublikada 59 inzibati ərazi dairəsi üzrə mübahisələrin olduğu müəyyənləşib.
Onun sözlərinə görə, bu mübahisələrin həlli mövcud qanunvericilik çərçivəsində həll edilib və bununla bağlı Azərbaycan hökumətinə təkliflər verilib.
R.Quliyev əlavə edilib ki, ölkədə 53 rayon mərkəzi və ona bitişik yaşayış məntəqələrinin mükəmməl kadastrının yaradılması layihəsi çərçivəsində 51 kənd rayonun mərkəzində və ona bitişik iri qəsəbə kəndlərində, eyni zamanda respublika tabeli digər şəhərlərdə mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi aparılır: "2018-ci ilin I rübündə bu işlər başa çatacaq. İşğal olunmuş 1,5 milyon hektar ərazidə uçot işlərin görülməsi mümkün deyil. Hazırda proqramda nəzər tutulan işlərin yekunlaşdırılması üçün 3,5 milyon hektar ərazidə torpaqların elektron kadastrı işlərinin aparılmasına nail olunmalıdır. 2016-cı ildən başlanan bu işlərə 2019-cu ilin sonuna kimi torpaqların elektron uçotunun yaradılması, 2020-ci may-iyun aylarında isə bu işlərin son məhsulu olan bələdiyyə xəritələrinin yaradılması ilə yekunlaşacaq".