Bank Of Baku

Gəncənin su təchizatı sisteminin yenidən qurulmasının növbəti mərhələsinə başlanılıb

Gəncənin su təchizatı sisteminin yenidən qurulmasının növbəti mərhələsinə başlanılıb
# 23 may 2017 14:00 (UTC +04:00)

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.

 

İcra hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azersu ASC-nin sədr müavini Etibar Məmmədov, “Azər-Aqrar Tikinti” ASC-nin direktoru Bayram Həsənov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev və şəhər ictimaiyyəti iştirak edib.

 

E.Vəliyev tədbir iştirakçılarını salamlayaraq əlamətdar hadisə münasibəti ilə onları təbrik edib. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının seçildiyini deyən icra başçısı bildirib ki, Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Şəhərdə görülən bütün işlərin prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısı olduğunu qeyd edən E.Vəliyev vurğulayıb ki, 3-cü mərhələ 3 ay müddətində yekunlaşdırılaraq 30-a yaxın küçənin asfalt örtüyünü çəkiləcək.

 

“Azərsu” ASC-nin sədr müavini E.Məmmədov layihənin birinci və ikinci mərhələlərinin artıq başa çatdığını deyib. Sədr müavini qeyd edib ki, bu mərhələ nəticəsində Gəncədə təxminən 80 000 abonent içməli su ilə təmin olunacaq. E.Məmmədov vurğulayıb ki, bu mərhələdə çərçivəsində həcmi 5000 kubmetr olan su anbarının, 195 km içməli su, 144 km kanalizasiya şəbəkəsinin, 41 km kollektorun və 2,3 km mikrotunelin inşası nəzərdə tutulur.

 

“Azər-Aqrar Tikinti” ASC direktoru B.Həsənov Göygöl və Goranboy rayonlarında icra etdikləri layihələr haqqında söz açıb. B.Həsənov “Azər-Aqrar Tikinti” adında layihənin bu mərhələsinin 30 ay nəzərdə tutulmasına baxmayaraq 24 aya tam keyfiyyətlə təhvil veriləcəyini bildirib.

 

Daha sonra layihənin 4-cü mərhələsinin təməli atılıb.

 

Bildirək ki, layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edəcək. Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin avqust ayında başlanılıb, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə  tikinti işləri 2014-cü ilin fevral ayında başa çatdırılıb.

 

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr  olan 3 ədəd anbar və 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1 336 litr su veriləcək. 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb. Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir  və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 km içməli su, 70 km kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın sayğac quraşdırılıb.

 

Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45%-i və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alır. Gəncə şəhərində 315 km uzunluğunda kanalizasiya şəbəkəsi mövcuddur və şəhərin təqribən 45%-ni əhatə edir. Tullantı sutəmizləyici qurğu işləmədiyindən tullantı suları Samux rayonu ərazisindəki boş sahələrə axıdılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR