"Respublikanın bütün şəhərlərində olduğu kimi, Şirvan şəhərinin də müəyyən hissəsində qanunsuz tikintilər mövcuddur". Bunu "APA-Economics"ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma kadastrı şöbəsinin müdiri Tofiq Quliyev bildirib.
"Azərbaycanın bir çox yerində tikinti sahəsində müəyyən nöqsanlar var. Şəhərsalma kadastrının əsas məqsədi ərazinin tənzimlənməsi, idarə olunması üçün avtomatlaşdırılmış məlumat bazasının yaradılmasıdır. Başqa sözlə, bazaya vətəndaşın ərizəsi daxil olan kimi, məmura ehtiyac qalmır və vətəndaş özü baza xəritəsində müəyyən yerdə tikintinin aparılmasının mümkünlüyünü analiz edir. Şirvan şəhərində də qanunsuz tikililər müəyyənləşib. Şübhəsiz ki, onları qanuniləşdirmək mümkündür. Bu istiqamətdə araşdırma aparılıb, analiz olunub və aidiyyatı üzrə məlumat verilib. Qanuniləşdirilməsi mümkün olmayan tikililər barəsində isə tədbir görüləcək. Şirvan şəhərinin Bakıya yaxınlığı, həm də orada olan dövlət strukturlarının marağı nəzərə alınaraq, şəhərsalma kadastrı pilot layihə kimi məhz burada həyata keçirilib və bu il yekunlaşıb. Şirvan şəhərində şəhərsalma kadastrı dövlət büdcəsi hesabına aparılır", - deyə T. Quliyev bildirib.