İyunun 1-də MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin Bakıdakı iclası yekunlaşıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iclasda yekun protokol imzalanıb. Protokola əsasən şuraya sədrlik səsvermə ilə Azərbaycandan Özbəkistana ötürülüb. Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov Dövlətlərarası Şuranın sədri seçilib.
Qeyd edək ki, son iki ildə şuraya sədrliyi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov həyata keçirib. R. Həsənov Şuranın rəmzi heykəlciyini özbək həmkarına təqdim edib.
İclasdan sonra Azərbaycan Akkreditasiya Mərkəzi ilə Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarusun Akkreditasiya Dövlət Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb.