Bank Of Baku

Ölkə üzrə fasiləsiz su təchizatı səviyyəsi açıqlanıb

Ölkə üzrə fasiləsiz su təchizatı səviyyəsi açıqlanıb
# 27 aprel 2017 12:59 (UTC +04:00)

"Azərsu" ASC-də bu ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.


Dövlət şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ilin birinci rübündə Azərbaycanda dinamik inkişaf təmin olunub. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq sosial və infrastruktur layihələrinin icrası davam etdirilib.


Sədr martın 14-18-də Bakı şəhərində keçirilmiş I Bakı Beynəlxalq Su Həftəsini və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirib, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

Q.Hüseynov istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata  keçirildiyini vurğulayıb: "Cari ilin birinci rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb və prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün "Azərsu" ASC-yə 14 mln. manat ayrılıb. Hacıqabul rayonunun Navahı qəsəbəsində  yeni  su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılıb".

 

Qeyd olunub ki, bu ilin yanvar-mart aylarında istehlakçılara 57 mln. kubmetr həcmində su verilib, 41 mln. kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. "Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9%, Bakı şəhəri üzrə isə 80,8% təşkil edib", - deyə o qeyd edib.

 

"Azərsu" ASC sədrinin müavinləri Etibar Məmmədov və Köçərli Həsənov, İşlər İdarəsinin rəisi Möhsün Quliyev, Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyev, Nərimanov rayon Sukanal İdarəsinin rəisi Rövşən Əliyev hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə yanvar-mart ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
 

Q.Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri yeni texnologiyaların tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsinin  vacibliyini bildirib. “Azərsu” sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Qeyd olunub ki, Bakı şəhərində  IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ilə əlaqədar ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR