Azərbaycanda mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab ediləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında "Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O bildirib ki, qanun layihəsinin 20.5-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi tərəfindən özəl mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur.
Başqa sözlə, dəyişikliklərə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşdirmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası tələb olunmayacaq.
Millət vəkili Asim Mollazadə yaşayış evlərinin otellərə çevrilməsinin əleyhinə olduğunu qeyd edib.
Millət vəkili Əflatun Amaşov isə bildirib ki, Gürcüstana ötən il 6 milyon turist gəlib və ölkə iqtisadiyyatı turizm sektorundan 2 mlrd. dollar gəlir əldə edib: "Gürcüstana gələn turistlərin 70%-ə yaxını ayrı-ayrı evlərdə qalıb. Hesab edirəm ki, bu baxımdan sözügedən qanunun qəbulu turizmin inkişafına töhfə verəcək".
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.