Mərakeşin Kasablanka şəhərində keçirilmiş ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən təşkil olunan və ABŞ Dövlət Departamentinin Orta Şərq Tərəfdaşlığı Təşəbbüsü tərəfindən maliyyələşdirilən Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə Orta Şərq və Şimalı Afrika Regional Proqramını əhatə edən seminarda Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifələrini icra edən Günel Sevdimalıyeva iştirak edib.
Komitədən "APA-Economics"ə verilən xəbərə görə, tədbirdə ABŞ-ın texnologiyaların transferi sahəsində qabaqcıl universitetlərindən biri olan Stenford Universitetinin professorları mövzu üzrə təlim keçirib. Körfəz ölkələrinin (Bəhreyn və Küveyt) və Mərakeşin nümayəndə heyətləri isə ölkələrindəki kiçik və orta sahibkarlığın inkişafı perspektivləri barədə təcrübələrini bölüşüb.
Azərbaycan nümayəndə heyətinin Mərakeşin əqli mülkiyyət təşkilatının (OMPIC) baş direktoru və rəhbər heyəti ilə görüşü keçirilib, OMPIC-in işi, strategiyası, fəaliyyət planı ilə tanış olublar.
Görüşdə kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramları, dövlət prosedurları, innovasiyaların təşviqi və texnologiyaya əsaslanmış sahibkarlığın təşviqinə dair mövzular müzakirə olunub.