Azərbaycan prezidenti İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.\
APA-nın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində şəhərdə hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı, nasos stansiyası inşa edilib. Şəhərdə 137 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb, 5 mindən artıq ünvana birləşmə verilib və sayğaclaşma işləri aparılıb. Bununla da yeni mənbədən bütün şəhərə içməli suyun verilməsi təmin edilib.
Qeyd edək ki, Saatlı şəhərində ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. Şəhərə içməli su Araz çayından və Sabir adına kanaldan götürülüb çökdürülərək verilirdi. Yeni layihəyə qədər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti şəhərin 19 min sakinindən 33 faizinə xidmət göstərirdi. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün 2-3 saatlıq qrafik əsasında su verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.
Saatlı şəhəri və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilib. Bu məqsədlə 2014-cü ildə 62 kilometr uzunluğunda Sabirabad-Saatlı qrup su kəməri tikilərək istismara verilib. Magistral su kəmərinin 12 kilometrlik hissəsi metal, qalan hissəsi isə polietilen borulardan tikilib. Sabirabad, Saatlı və Hacıqabul rayonlarının 160 minə yaxın sakinini keyfiyyətli içməli su ilə təmin etmək üçün tikilmiş Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndində 100 min, Saatlı şəhəri və rayonun 12 kəndində 47 min, Hacıqabul rayonunun 4 kəndində isə 10 min nəfərin içməli suya olan tələbatını ödəyəcək.
Bu ilin sonuna qədər magistral kəmər boyunca yerləşən 30 kəndə içməli suyun verilməsi təmin ediləcək.
Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.