Bank Of Baku

Sərnişindaşıma ilə məşğul olan sahibkarlardan biri istehsalat bazası yaradıb

Sərnişindaşıma ilə məşğul olan sahibkarlardan biri istehsalat bazası yaradıb
# 11 may 2017 15:11 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyinin müvafiq istehsalat bazasının yaradılması ilə bağlı tələbinə ilk olaraq daşıyıcı Hikmət Bağırov riayət edib.

 

APA-Economics” xəbər verir ki, bu gün daşıyıcı yeni yaradılan istehsalat bazasının təqdimatını keçirib.

 

Tədbirdə çıxış edən sahibkar qeyd edib ki, yeni yaradılan istehsalat bazası tənzimləyici tərəfindən daşıyıcılar qarşısında qoyulan bütün tələblərə cavab verir. Belə ki, bazada sürücülərin tibbi müayinəsi üçün nəzərdə tutulmuş tibb məntəqəsi, avtobusların texniki baxışı üçün nəzərdə tutulmuş zona, o cümlədən yuyucu və parkinq yaradılıb. “İstehsalat bazası müasir standartlar əsasında yaradılıb. Bundan əvvəl sürücülər tibbi müayinəni yolda keçirdi ki, bu da xoşagəlməz hal idi. İndi isə sürücülərimiz istehsalat bazasında yaradılan tibb məntəqəsində müayinədən keçir. Bundan başqa, istehsalat bazasında yaradılan texniki zonada avtobusların təmiri üçün zəruri şərait yaradılıb”, - deyə daşıyıcı qeyd edib.

 

Qeyd edək ki, 29, 67, 71, 83 və 117 saylı marşrut xətləri daşıyıcı H.Bağırova məxsusdur. Sahibkarın sözlərinə görə, qeyd edilən xətlər üzrə 73 avtobus hərəkət edir: “Avtobusların hamısı qeyri-iş vaxtı istehsalat bazasına gətirilir. Burada avtobuslar təmizlənir və onlara texniki qulluq olunur”.

 

Bakı Nəqliyyat Agentliyinin İctimai nəqliyyatın tənzimlənməsi şöbəsinin müdir müavini Vüqar Məmmədzadə isə bildirib ki, qurumun daşıyıcılar qarşısında qoyduğu tələbə tez bir zamanda əməl olunması sevindiricidir: “Bildiyiniz kimi, bu gün Bakı şəhərində taksi minik avtomobillərinin və müntəzəm sərnişindaşıma  fəaliyyətinə nəzarəti həyata keçirən Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında müvafiq tapşırıqlar qoyub. Bu tapşırıqlar sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədini güdür. Müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şəxslər qarşısında istehsalat bazasının yaradılması ilə bağlı da müvafiq tələblər qoyulub. İstehsalat bazasına malik olmaq o deməkdir ki, burada sürücülər tibbi, avtobuslar isə texniki müayinədən keçəcək. Bakı Nəqliyyat Agentliyi 1 il müddətində bu tələbləri daşıyıcılar qarşısında qoyub. Təbii ki, daşıyıcıların maddi imkanları da nəzərə alınır”.

 

Qurum rəsmisi əlavə edib ki, daşıyıcı H.Bağırovun addımı digər sahibkarlar üçün örnək olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR