Tbilisidə Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili BTQ dəmir yolu layihəsinin tikintisinin vacibliyini və böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycan Dəmir Yolunun Koordinasiya Şurasının həmsədri Cavid Qurbanov iki dövlət arasında münasibətlərindən, dövlət və hökumət rəhbərlərinin bu layihəyə diqqətindən, hər iki xalqın tarixi dostluğundan danışıb. O bildirib ki, BTQ dəmiryolu layihəsi xalqlarımızın rifahının yüksəlməsində başlıca rol oynayacaq.
Tədbirdə Marabda-Kartsaxi dəmiryolu xəttinin direktoru Oleq Biçiaşvili "Marabda-Kartsaxi" dəmiryolu qolunda görülən işlər, bərpa, yenidənqurma və Marabda-Kartsaxi xəttinin Türkiyə sərhədinədək görülən işlər, eləcə də 2017-ci ildə qarşıda duran tapşırıqlar barədə ətraflı məlumat verib.
Sonra "Marabda-Kartsaxı" dəmiryolunun 2017-ci il üçün büdcəsi təsdiq olunub. Tədbirdə həmçinin Marabda-Kartsaxi" xəttinin 2015-ci ilin 31 dekabrdan başlayan maliyyə hesabatı da dinlənilib. Tədbirdə dəmir yolu üzrə yeni bərpa və yenidənqurma işləri üzrə müqavilədə dəyişikliklərin edilməsi, Zalqa-Axalkalaki keçid məntəqəsinin hazırkı vəziyyəti, Axalkalaki-Kartsaxi dəmir yolunda əlavə infrastruktur tikintisi və digər məsələlər müzakirə olunub. İclasda həmçinin Koordinasiya Şurasının qərarlarının icrası məsələsinə də baxılıb.