Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28359,3 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-km olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 18223,5 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 7576,1 min tonu və ya 26,7%-i dəmir yolu nəqliyyatı, 2559,7 min tonu və ya 9,0%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 8,2% azalma müşahidə edilib.
Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5 faiz və 34,0 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,8%ni və ya 4197,9 min tonunu tranzit yüklər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 3959,3 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3%, sərnişin dövriyyəsi isə 1,4% artıb.