Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında imzalanmış “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair razılığın təsdiq edilməsi barədə Notaya əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra institut və laboratoriyalar üçün Yaponiya istehsalı olan yeni avadanlıqlar əvəzsiz olaraq təqdim olunub.
“APA-Economics”in məlumatına görə, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorinin, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, nazirliyin müvafiq qurumlarının nümayəndələri iştirak edib.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarına, o cümlədən Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyalarına 23 adda 141 cihaz, alət və avadanlıq verilib. Avadanlıqların istehsalçı “Ogawa Seiki Co., LTD” şirkətini Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tender əsasında seçib.
Mayın 24-dən şirkətin nümayəndələri ölkəmizdə səfərdə olub və avadanlıqları quraşdıraraq onların istifadəsi üzrə təlimlər keçiblər.
Qeyd edək ki, sözügedən avadanlığın alınması üçün Yaponiya Hökuməti Azərbaycana 100 mln yapon yeni məbləğində qrant ayırıb.