“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının seçkilərlə bağlı hesabatı açıqlanıb

“Parlament-2015” Seçki Monitorinq Koalisiyasının seçkilərlə bağlı hesabatı açıqlanıb
# 02 noyabr 2015 08:20 (UTC +04:00)

Bakı – APA. “Parlament-2015” Seçki Monitorinq Koalisiyası parlament seçkilərinin monitorinqinə dair hesabat açıqlayıb.

APA-nın məlumatına görə, 5 qeyri-hökumət təşkilatı tərəfindən yaradılan koalisiyanın koordinatoru Rufiz Qonaqov qeyd edib ki, respublika üzrə 118 seçki dairəsinə 500 müşahidəçi ezam edilib.

Onun sözlərinə görə, 90 dairənin hər birində 4, digərlərində isə 5 müşahidəçi iştirak edib. Parlament seçkilərinin çox yüksək səviyyədə baş tutduğunu bildirən R. Qonaqov bildirib ki, seçki prosesində hər hansı insidentə rast gəlinməyib: “Mərkəzi Seçki Komissiyasının və “exit- poll”un nəticələri arasında ciddi fərqlər yoxdur, rəqəmlərdə 10 faiz fərq görünüb. Bu, seçkinin nəticələrinə ciddi təsir etmir”.


İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirib ki, monitorinq çərçivəsində 118 dairə üzrə 1361 məntəqədə müşahidə aparılıb. Bu da ölkə üzrə bütün məntəqələrin 25 faizini təşkil edir. Seçki prosesi orta hesabla hər seçki dairəsinin 11 məntəqəsində izlənib: “Müşahidəçilərimizin olduğu seçki dairələri üzrə məntəqələrdə seçki komissiyalarının işinin təşkili qənaətbəxş hesab oluna bilər”.

Strategiya.az-ın baş redaktoru İbrahim Əliyev 7 seçki məntəqəsində ailə üzvlərinin yerinə səs vermək istəyən şəxslərin əlavə bülleten atmasının qarşısının alındığını deyib. Bəzi məntəqələrdə seçicilərin adlarını seçki siyahısında tapa bilmədiyini deyən İ. Əliyev qeyd edib ki, 15 seçki məntəqəsində 26 belə hal müşahidə edilib. 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı məntəqəsində deputatlığa namizəd Pənah Hüseyn komissiya üzvlərini təhqir edib. Onun nümayəndəsi 3 vətəndaşın əlindən seçki bülletenlərini alaraq qaçıb. Monitorinq zamanı iki seçki məntəqəsinin kənarında təşviqat aparılması qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR