II Dünya Müharibəsində Fransada törədilən ən böyük qətliamın qurbanları yad edilib - FOTO

II Dünya Müharibəsində Fransada törədilən ən böyük qətliamın qurbanları yad edilib - <span style="color: red;">FOTO
# 11 iyun 2015 14:19 (UTC +04:00)

Bakı-APA. İyunun 10-da Fransanın Limuzin regionunda yerləşən Oradur-sür-Qlan şəhərində 1944-cü ildə alman faşistləri tərəfindən qətlə yetirilmiş şəhər sakinlərinin xatirəsinin anım mərasimi keçirilib.

Azərbaycanın Fransadakı Səfirliyindən APA-ya verilən məlumata görə, 1944-cü ilin iyunun 10-da hazırkı şəhərdə yerləşən qəsəbə bir neçə saat ərzində alman faşistləri tərəfindən məhv edilib – qəsəbənin bütün kişiləri güllələnib, qadın və uşaqları isə kilsədə diri-diri yandırılıb. İkinci Dünya Müharibəsi zamanı Fransa ərazisində baş vermiş və mülki insanların kütləvi məhvinə səbəb olmuş ən dəhşətli faciə hesab olunan Oradur-sür-Qlan qırğını 642 insanın həyatına son qoyub. Onlardan 25 nəfəri 5 yaşa qədər uşaq, 145 nəfəri 5-14 yaşları arasında uşaq və yeniyetmə, 240 nəfəri isə gənc qız və qadın olub.

Şəhər yandırılaraq, yerlə yeksan edilib. Məhv edilmiş şəhərin xarabalıqları saxlanılıb və həmin ərazi "Şəhid kəndi" adı ilə faciəni əks etdirən muzey kimi dövlət tərəfindən qorunmaqdadır. Bundan əlavə, şəhərdə qanlı hadisələrin xatirəsinə həsr edilmiş "Xatirə memorialı" ucaldılıb. Şəhərə Fransa Hökuməti tərəfindən "fəxri legion" ordeni verilib. Hər il 10 iyun tarixində Oradur-sur-Qlanda siyasi və ictimai xadimlərin iştirakı ilə anma mərasimi keçirilir.

Builki mərasimdə ilk dəfə olaraq, Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı şəhərinin nümayəndə heyəti – şəhər icra hakimiyyətinin başçısı Şahmar Usubov və Milli Məclisin deputatı Elman Məmmədov da qatılıblar. Mərasim zamanı Xocalı şəhəri və Azərbaycanın Fransadakı Səfirliyi adından Oradur-sür-Qlan Xatirə Memorialı önündə əklillər qoyulub.

Azərbaycan nümayəndə heyəti Oradur-sür-Qlan şəhər rəhbərliyi ilə keçirdiyi görüşdə Azərbaycan xalqının İkini Dünya Müharibəsi zamanı alman faşistləri üzərində qələbəyə verdiyi töhfə və azərbaycanlıların Fransada müqavimət hərəkatında iştirakları barədə məlumat verib.

Azərbaycan xalqının tarixin müxtəlif dövrlərində etnik təmizləmə, soyqırımı və terror aktlarının hədəfinə çevrildiyi bildirilib, bu cür faciələrin bir daha yaşanmaması üçün Azərbaycan xalqının daima öz səsini ucaltdığını və Oradur-sür-Qlan sakinləri ilə həmrəy olduqları bəyan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR