Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib
# 18 sentyabr 2014 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü.Hacıbəylinin əsərlərini səsləndirib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin doğum gününün Azərbaycan xalqı üçün musiqi bayramına çevrildiyini bildirib. Nazir müavini qeyd edib ki, Milli Musiqi Günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən musiqi kollektivləri Azərbaycana təşrif gətirib: “Bizim musiqimiz nəinki Azərbaycanda, hətta bütün dünyada zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Azərbaycan musiqisi böyük inkişaf yolu keçib və böyük ənənələr bu gün də davam etməkdədir. Builki musiqi bayramında dünyanın müxtəlif ölkələrindən ən məşhur musiqiçilər, musiqi kollektivləri iştirak edirlər və qarşıdakı günlərdə siz onların konsertlərini dinləyə biləcəksiniz. Bu böyük musiqi bayramı münasibətilə hamını təbrik edirəm”.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir bəyin həyat və yaradıcılıq yolundan danışıb. O, qeyd edib ki, Ü.Hacıbəylinin musiqisi bütün dünyada səslənir: “Dünyanın müxtəlif ölkələrində Üzeyir bəyin heykəlləri ucalır. Bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər”.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycanın Üzeyir Hacıbəyli kimi şəxsiyyəti olduğuna görə fəxr etdiyini deyib: “Biz hamımız fəxr etməliyik ki, Üzeyir bəy kimi şəxsiyyətimiz var. Bu böyük bəstəkar olmasaydı, Azərbaycanda opera, simfonik musiqi olmayacaqdı. Hamınızı təbrik edirəm, inanıram ki, Üzeyir bəyin musiqisi bütün dövrlərdə seviləcək, ifa olunacaq və yaşayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR