Qazaxıstan XİN rəhbərinin müavini: “EXPO-2017 sərgisinin Astanada keçirilməsi qlobal enerji sahəsində innovasiya üçün platforma olacaq” - MÜSAHİBƏ

Qazaxıstan XİN rəhbərinin müavini: “EXPO-2017 sərgisinin Astanada keçirilməsi qlobal enerji sahəsində innovasiya üçün platforma olacaq” - <span style="color: red;">MÜSAHİBƏ
# 09 oktyabr 2014 14:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Qazaxıstan xarici işlər nazirinin müavini Ropil Joşibayevin APA-ya müsahibəsi

- Cənab Joşibayev, 3 ildən sonra Astana beynəlxalq EXPO sərgisinin paytaxtına çevriləcək. Ölkə bu tədbirə necə hazırlaşır?

- EXPO-2017 sərgisinə hazırlıq tam sürətlə gedir. Bu ilin iyun ayında Parisdə Sərgilərin Beynəlxalq Bürosunun Baş Assambleyasının 155-ci sessiyasında Qazaxıstana büro bayrağı təqdim edilib. Bayrağın təqdim edilməsi - EXPO-2017-nin rəsmən tanınması deməkdir. Beynəlxalq büro həmçinin Qeydiyyat dosyesini - sərginin təşkilat planını təsdiq edib. Bu, bizə ideyaların təbliği, imic kampaniyasının təşviqi, beynəlxalq iştirakçıların cəlb edilməsi, o cümlədən sərginin hazırlanması üçün genişmiqyaslı iş aparmaq hüququ verib.

Hər bir təşkilatçı ölkə Sərgilərin Beynəlxalq bürosunun qayda və prosedurlarına ciddi əməl etməlidir. Çünki vaxtında və yüksək keyfiyyətli hazırlıq üçün məsuliyyəti təşkilatçı ölkə ilə yanaşı beynəlxalq təşkilat daşıyır. Buna görə də genişmiqyaslı iş qeydiyyat dosyesinin təsdiqindən sonra başlanılır. Yəni dünyanın ən böyük sərgisini təşkil etmək təşəbbüsünü ölkə başçısının, Astana və Qazaxıstanın qələbəsi adlandırmaq olar. Sərgi hərəkatının tarixində ilk dəfə olaraq EXPO Mərkəzi Asiya və MDB ərazisində keçiriləcək. Biz hamımız bununla fəxr edirik.

- Bildiyimiz kimi, sərgi «Gələcəyin enerjisi» şüarı altında keçiriləcək və ən aktual mövzulardan biri - alternativ enerji mənbələri mövzusunu işıqlandıracaq. Nəyə görə məhz bu mövzuları seçmək qərarına gəldiniz?

- Mövzu təsadüfən seçilməyib. Faydalı qazıntılarla zəngin olan və ənənəvi enerji mənbələrindən istifadə edən Qazaxıstan başa düşür ki, təbii sərvətlərin qorunması, enerjidən davamlı istifadə, alternativ energetika ümumilikdə enerji sahəsinin inkişafının prioritet istiqamətlərindən biridir. «Gələcəyin enerjisi» karbon qazının (CO2) atmosferə tullantılarının azaldılması, külək, günəş, su, kosmik fəzanın alternativ enerjisi kimi məsələlərə toxunan geniş anlayışdır. Ona görə də EXPO-2017 Qazaxıstanı beynəlxalq səviyyədə CO2 tullantılarının azaldılması və alternativ enerji axtarışı kimi qlobal məsələlərin həllində daha fəal və mühüm ölkələrdən biri kimi təqdim edir.

EXPO-2017 gələcəyi proqnozlaşdırmaq üçün cəhd deyil, bu daha etibarlı və balanslaşdırılmış enerji gələcəyi yaratmaq üçün ssenarilər və imkanları nümayiş etdirdiyindən qeyri-adi beynəlxalq tədbir olacaq. Qazaxıstan alternativ enerjisinin inkişafına, bu istiqamətdə Astanada ən yaxşı mütəxəssisləri və layihələri toplamaqla, öz töhfəsini vermək istəyir. Əminəm ki, Astanada keçiriləcək sərgi parlaq beynəlxalq hadisələrdən biri olmaqla, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı inkişaf prosesinə təkan verəcək bir hadisə olacaq.

Qazaxıstan “yaşıl iqtisadiyyat”ın tətbiq edilməsinin fəal tərəfdarıdır. Biz 2012-ci ildə davamlı inkişaf üzrə Birləşmiş Millətlər Təşkilatının Konfransı tərəfindən dəstəklənən “XXI əsrdə davamlı inkişafın Qlobal enerji və ekoloji strategiyası” və «yaşıl körpü» Tərəfdaşlıq Proqramını irəli sürmüşük. Hazırda davamlı enerjinin inkişaf etdirilməsi Qazaxıstanın əsas prioritetlərindən biridir.

2050-ci ilədək ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payını 50 faizə qədər artırmağı planlaşdırırıq. Eyni zamanda, 2015-ci ilə qədər hər il enerji resursları istehsalının 10 faiz azaldılması planlaşdırılır. Qazaxıstanın «yaşıl iqtisadiyyata» keçid üzrə Konsepsiyası və «Qazaxıstan-2050» Strategiyasına uyğun olaraq elektrik enerjisi sahəsinə 2030-ci ilə qədər 50 milyard, 2050-ci ilə qədər isə təxminən 100 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur. Bu investisiyaların yarısının bərpa olunan enerjinin inkişafına yönəldilməsinə planlaşdırılır.

- Niyə EXPO-nun keçirilməsi üçün əlavə stimula ehtiyacı olan şəhər deyil, gənc, müasir, dinamik inkişaf edən Astana seçilib?

- Çünki bu bizim ilk EXPO sərgimizdir və Qazaxıstan paytaxtı sərginin keçirilməsi üçün münasib şəhərdir. Astanada nəqliyyat infrastrukturu, tikinti üçün sahələrin mövcudluğu, qonaqların qəbulu və yaşaması üçün imkanlar, eləcə də inkişaf üçün böyük potensial var. Bu gün Qazaxıstan paytaxtının müasir memarlıq üslubu özündə Avrasiya qitəsinin mərkəzində Avropa və Asiya mədəniyyətlərinin ən yaxşı ənənələrini cəmləşdirir. Bildiyiniz kimi, Astana dünya və ənənəvi dinlərin liderlərinin dörd qurultayının, ATƏT sammitinin, Asiya oyunlarının, Astana iqtisadi forumunun və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkan rolunda çıxış edib.

İkincisi, niyə sərgi kiçik şəhərlərdə keçirilməlidir? Sərmayənin və turistlərin qısamüddətli axını təşkil edildikdən sonra infrastrukturun fəaliyyəti ya dayandırılacaq, ya da ləğv ediləcək. Astana sürətlə inkişaf edir. Paytaxtımız Avrasiyanın mərkəzidir, ölkəmizin inkişafının lokomotividir. Əvvəlki sərgilərin keçirilməsi təcrübəsinə əsaslanaraq deyə bilərik ki, sərgidən sonra qalan pavilyonlardan maksimum səmərəli istifadə olunacaq. Üçüncüsü, EXPO-2017-nin keçirilməsi həm paytaxt, həm də bütövlükdə respublikanın iqtisadi inkişafına əlavə stimul olacaq. EXPO sərgisi Qazaxıstanın regionlarındakı sahibkarlarına geniş imkanlar açacaq. Paytaxtımızın infrastrukturu inkişaf edir, yeni mehmanxanalar tikilir. 2017-ci ilədək Qazaxıstanın bütün böyük avtomobil magistrallarının təmiri planlaşdırılıb. Astana şəhərinin hava limanının genişləndiriləcəyi də gözlənilir.

- Sərgi üçün böyük bir ərazi - 180 hektarlıq sahə ayrılacaq. Qazaxıstan pavilyonu sərgidə necə təmsil olunacaq?

- Sərginin ümumi sahəsi 174 hektar təşkil edəcək. 25 hektarlıq sahədə isə sərgi kompleksi yerləşəcək. Bu kompleks beynəlxalq iştirakçıların, korporativ və mövzuya uyğun pavilyonlar, konsert zalı, konqres mərkəzi, çoxfunksiyalı ticarət və əyləncə kompleksi, habelə Qazaxıstanın milli pavilyonundan ibarətdir.

- Yerli əhalinin bu sərgiyə marağı böyükdürmü?

- Əlbəttə ki, yerli əhali sərginin keçirilməsini gözləyir. Qazaxıstanlılar əmindirlər ki, Astanada EXPO beynəlxalq sərgisinin keçirilməsi ölkə iqtisadiyyatının müasirləşdirilməsi, diversifikasiyası və gələcək inkişafının lokomotivi olacaq. Hər hansı layihəyə, xüsusilə belə bir genişmiqyaslı layihəyə qarşı olanlar da tapılır. Konstruktiv tənqid olduğu halda, bu, layihəyə daha yaxşı təsir edir. Sərginin təşkilində tənqidi fikirləri nəzərə alaraq, müvafiq işləri düzəltməyə çalışırıq. Şübhəsiz ki, EXSPO-nun keçirilməsində çox üstünlüklər var, effektini müxtəlif səviyyələrdə görmək olar. Astanada EXPO-nun keçirilməsi qlobal enerji sahəsində innovasiya üçün platforma olacaq. Xüsusilə də, alternativ və bərpa olunan enerji mənbələrinin işlənməsinə və istifadəsinə töhfə verəcək. Dövlət səviyyəsində EXPO-2017 uzunmüddətli sosial-iqtisadi effekti təmin etməyə, habelə Qazaxıstanın «yaşıl iqtisadiyyat»a keçidinə və iqtisadiyyatın diversifikasiyasına böyük təkan verəcək. Yerli səviyyədə isə turizm sənayesi, məhmanxana biznesi və xidmət sahəsinə böyük təkan verəcək. Bu isə kiçik və orta sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması deməkdir. Artıq indidən şəhərlərarası nəqliyyat şəbəkəsinə yenidən baxılır, yolların təmiri və tikintisi aparılır, Astanada yeni dəmir yolu vağzalı tikilir, aeroportun genişləndirilməsi nəzərdə tutulur, turizm və mehmanxana biznesi inkişaf edir. Eyni zamanda, sərginin keçirilməsi ilə bağlı hazırlıq prosesinə iş adamları, cəmiyyətlər, elmi dairələr və gənclər cəlb edilir. Şübhəsiz ki, Avrasiya qitəsinin mərkəzində EXPO sərgisinin keçiriliməsi yalnız Astana və Qazaxıstanın iqtisadi həyatında deyil, həm də bütün MDB məkanı üçün yeni mərhələdir. EXPO-nun Astanada ən yüksək səviyyədə keçirilməsi və ən yüksək texnoloji sərgilərdən biri olması üçün əlimizdən gələni edəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR