Təhsil Nazirliyi: Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq müəllimlərin əmək haqlarında dəyişiklik olacaq

Təhsil Nazirliyi: Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq müəllimlərin əmək haqlarında dəyişiklik olacaq
# 16 sentyabr 2014 15:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan 28 758 müəllimin 20 fənn üzrə sınaq qiymətləndirilməsi həyata keçirilib.

Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti maliyyə ilindən müəllimlərin əmək haqlarında dəyişiklik olması nəzərdə tutulur. Sınaq qiymətləndirilməsi ölkənin bütün regionlarını əhatə edəcək.

“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.

İlk dəfə olaraq məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət edib, 3 mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər seçilib və təlimlərə cəlb olunub.

Təlimlərin məqsədi peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik məktəb rəhbərlərinin hazırlanması və rəhbər vəzifələrə təyin edilməsidir. Təlimlərdə uğur qazanmış şəxslərdən 14 nəfər Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR