BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransı çərçivəsində növbəti panel sessiya keçirilib.
APA xəbər verir ki, sessiyada yaşın enerji sənayesinin innovasiya, rəqəmsal texnologiyalar regional əməkdaşlıq vasitəsilə inkişaf etdirilməsi haqqında fikirlər səsləndirilib.
BMT-nin Sənaye İnkişafı Təşkilatında (UNIDO) yüksək səviyyəli rəsmi və iqlim-texnologiya siyasəti üzrə mütəxəssis Petra Şvager Azərbaycanın hidrogendən təkcə ixrac üçün deyil, sənaye inkişafı üçün də istifadə etməli olduğunu bildirib.
Onun sözlərinə görə, UNIDO beş il əvvəl sənayedə təmiz hidrogen üzrə proqram başladıb. Proqramın əsas məqsədlərindən biri ölkələri hidrogendən istifadə etməklə yeni sənaye inkişafı imkanlarını nəzərdən keçirməyə, eyni zamanda mövcud sənayenin dekarbonizasiyasına təşviq etməkdir.
Schwager qeyd edib ki, hidrogen sektorunun inkişafı üçün dövlət siyasəti, maliyyələşmə, sertifikatlaşdırma, innovasiya, potensialın gücləndirilməsi və dayanıqlılıq əsas amillərdir.
“ECO Clean Energy Center” (CECECO)-nun icraçı direktoru Aysel Yaqubova ECO regionunda təmiz enerji və enerji keçidi üzrə innovativ həllərin inkişafına yönəlmiş Clean Energy Hackathon 2026 çərçivəsində 200-dən çox layihə təqdim olunduğunu bildirib.
Təqdim olunan layihələr arasında enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə və regionun bərpa olunan enerji potensialının reallaşdırılmasına yönəlmiş platforma, veb-sayt və mobil tətbiq təklifləri yer alıb.
“SOCAR Green”in Baş direktoru Elmir Musayev “SOCAR Green” in bərpa olunan enerji sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirdiyini bildirib.
O, SOCAR Green bərpa olunan enerji sahəsində nou-haunun və praktiki təcrübənin ölkədə sürətlə formalaşdırılması məqsədilə beynəlxalq şirkətlərlə birgə layihələr həyata keçirdiyini qeyd edib.
Elmir Musayevin sözlərinə görə, şirkərin strategiyası beynəlxalq tərəfdaşlarla birgə layihələr həyata keçirməklə yanaşı, Azərbaycanda yerli kadrların praktiki təcrübəsini və bərpa olunan enerji sahəsində texniki nou-haunu inkişaf etdirməkdir.
Azərbaycan-Almaniya Ticarət Palatasının (AHK Azerbaijan) İcraçı direktoru Nərgiz Viek alman şirkətlərinin Azərbaycanın enerji keçidində iştirakda maraqlı olduğunu deyib.
O bildirib ki, Almaniya şirkətləri Azərbaycanda enerji keçidi sahəsində həm texnologiya və avadanlıq ixracı, həm də investisiya imkanlarını nəzərdən keçirirlər.
Qeyd olunub ki, qarşıda duran maneələr eyni zamanda yeni imkanlar yarada bilər. Bu baxımdan, ilk növbədə, Azərbaycanda və regionda baş verən proseslər barədə Almaniyanın biznes ictimaiyyətinin daha ətraflı məlumatlandırılmasına ehtiyac var. Almaniyada Xəzər regionu və Mərkəzi Asiya ilə bağlantılar barədə məlumatlılığın artırılması da vacib məsələlərdən biri kimi diqqətə çatdırılıb.
Bildirilib ki, Almaniyanın enerji keçidi sahəsində onilliklər ərzində formalaşmış təcrübəsi var. Bu prosesdə maarifləndirmə, təhsil və cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı mühüm rol oynayır. Azərbaycanın enerji keçidində də bu yanaşmanın əhəmiyyətli olduğu vurğulanıb.
Ümumilikdə, çıxışlarda bərpa olunan enerji layihələri, yaşıl hidrogen, xarici investisiyaların cəlbi, enerji infrastrukturunun gücləndirilməsi, Almaniya və digər ölkələrlə əməkdaşlıq, həmçinin yerli şirkətlərin bu prosesdə iştirakı diqqət mərkəzində olub.