İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir - İCMAL

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir - İCMAL
# 23 iyul 2021 18:25 (UTC +04:00)

Azərbaycan hökuməti işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində ”Ağıllı kənd” layihəsinin icrasına başlanılıb. Kənd layihəsi əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, ”Ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Erməni işğalından azad olunmuş digər ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. “Ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.

Bəs “ağıllı kənd” nə deməkdir, hansı komponentlərdən ibarətdir? Bu və digər sualları Zəngilan və Qubadlı rayonlarına ezam olunan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayxan Satıcı “APA-Economics”ə cavablandırıb.

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası

Ekspertin sözlərinə görə, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir. Bu konsepsiyalar Azərbaycanda, ümumilikdə dünyada baş verən texnoloji imkanlara, qlobal innovasiya yönümlü layihələrin tətbiqi üçün drayver olaraq çıxış edəcək.

“Bu gün dünya əhalisinin 54%-i şəhərlərdə məskunlaşıb və bu nisbətin 2050-ci ilədək 66%-ə çatacağı gözlənilir. Dünya əhalisinin artım tempini ölçərək demək olar ki, 2,5 mlrd. nəfərlik əhali şəhərlərə doğru köç edəcək. Bu minvalla onu demək olar ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin tətbiqi qaçılmazdır. Bu gün fəxr hissi ilə demək olar ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri Qarabağda, işğaldan azad olunmuş ərazilərdə realizə edilməkdədir və bu, bizim üçün qürur mənbəyidir”, - deyə A. Satıcı qeyd edib.

“Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının mahiyyətinə gəldikdə, o, burada bir çox məqamları – alternativ enerjidən tutmuş tullantıların idarə olunmasınadək məqamları qeyd edib.

“Burada bulud texnologiyalarına əsaslanan məlumat bazaların toplanılması və onların bazalarına əsasən idarəetmə formaların tətbiqi nəzərdə tutulur. İdarəetmə formaları bir çox yönlərdən ola bilər. Qeyd olunduğu kimi, tullantıların toplanmasından tutmuş, bələdiyyə, icra orqanlarının öz işlərini davam etdirilməsinə qədər bir çox mövzulara toxunmaq olur. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri çərçivəsində yaşıl enerji zonası yaradılmalıdır. Bu, o deməkdir ki, burada elektrik enerjisinin verilməsi daha səmərəli yolla olacaq və enerji qaynaqlarında toplanacaq enerjilər, enerji kəsintisi olmadan davam etdiriləcək. “Ağıllı kənd” layihələrində tətbiq olunan nəzəri biliklərdən biri də azalma həlqəsinin qarşısını almaqdır. İşğaldan azad olunmuş ərazilərdə bu layihələrin genişləndirilməsi, kəndlərin digər şəhər və rayonlarda inteqrasiya olunmasına, ehtiyatların, ümumi olaraq kənd təsərrüfatı malların, sosial xidmətlərin çatışmazlığının qarşısını almağa kömək edəcək”, - A. Satıcı əlavə edib.

Qeyd edək ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri bir çox ölkələrdə və şəhərlərdə icra olunur. Bunlara misal olaraq Sinqapur, London, Nyu-York və Amsterdam kimi şəhərləri misal gətirmək olar. Diqqət yetirildikdə görə biləcəyimiz nüanslardan biri odur ki, bu şəhərlər həm də turizm mərkəzlərindən biridir. Bu da o deməkdir ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri gələcəkdə Qarabağın gözəl guşələrinin dünyada daha da tanıdılmasına kömək edəcək.

Ekspert vurğulayıb ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri həmçinin texnologiyalara əsaslandığı üçün texnoloji investorların da bölgəyə cəlb edilməsinə, startapların yaradılmasına və ən əsası isə burada yaradılacaq aqroparkların və texnoparkların inteqrasiya olunmasına gətirib çıxaracaq. Bu isə özlüyündə Qarabağ iqtisadiyyatını ölkə iqtisadiyyatına inteqrasiya edəcək və regionda baş verə biləcək bütün dəyişikliklərə öz müsbət töhfəsini verəcək.

A. Satıcının fikrincə, post-konflikt bərpa prosesində islahatlar əsasən infrastruktur layihələrində aparılır, hazırda Fizuli rayonunda infrastruktur layihələrinin icrası davam etməkdədir.

“İnvestorların hər zaman marağında olduğu məqamlardan biri də texnoloji əsaslara söykənən infrastrukturun olmasıdır. Hazırda burada icra olunan “Ağıllı kənd” layihəsi gələcəkdə texnoloji investorların maraqlarını cəlb edəcək, müəyyən startapların bura cəlb olunmasına və tətbiqinə geniş fürsət yaradacaq və bunun əsasında proseslər zəncirvari olaraq davam edəcək. Əlbəttə, bunlar ən sonda ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxacaq. “Ağıllı kənd” elə bir yerdə formalaşdırılır ki, burada bir çox ehtiyatlara çıxış, həmçinin logistika baxımından digər rayonlara, şəhərlərə yaxın olması nəzərdən keçirilməlidir. Bunların hamısının nəzərdən keçirildiyi təqdirdə “Ağıllı kənd” layihəsi daha da uğurlu olmağa doğru addımlayacaq”, - deyə A. Satıcı əlavə edib.

Nəqliyyat-logistika

İşğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli aeroportu bu ilin payızında istifadəyə veriləcək. Zəngilan hava limanının təməli qoyulub, Laçında isə inşaat üçün yer seçimi yekunlaşmaq üzrədir.

Bu bölgədə üç hava limanının tikintisinin əhəmiyyəti barədə danışaraq, ekspert onların iqtisadiyyatda özünəməxsus rolunun olduğunu qeyd edib.

Qarabağın işğaldan azad olunmasından sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrdən vacib hesab olunan hava limanlarıdır. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. İlk növbədə, onu qeyd etmək gərəkdir ki, post-konflikt bərpa dövründə hava limanlarının rolu çox böyükdür. Başlıca olan səbəblərdən biri də odur ki, nəqliyyat-logistika baxımından bu bölgəyə çatdırılacaq malların, gediş-gəlişin bərpası, aparılan infrastruktur, quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə gətirib çıxaracaq.

Bildiyimiz kimi, Qarabağda bir neçə ağırlıq mərkəzləri var və Qarabağın inkişaf strategiyasında burada olacaq turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı, nəqliyyat, logistika kimi layihələr olacaq. Bu ağırlıq mərkəzlərinin birləşməsində Fizuli və Zəngilan hava limanlarının özünəməxsus rolu olacaq. Aeroportların olması qeyd olunanlarla yanaşı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun, eləcə də Avrasiyanın bir neçə ölkəsinin maraq dairəsindədir.

“Bu il Süveyş kanalında baş verən kollaps ticarət dövriyyələrinin dayanmasına səbəb oldu. Zəngəzur dəhlizi kimi nəqliyyat-logistika xətlərinin olması kollaps zamanı alternativ yol kimi çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin Naxçıvanın Azərbaycana quru yolla birləşdirilməsi də Naxçıvanın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. 2019-cu ilin statistik göstəricisinə əsasən, Avropa İttifaqı (Aİ) və Çin arasında olan ticarət dövriyyəsinin həcmi 560 mlrd. ABŞ dolları civarında olub. Zəngəzur dəhlizi kimi alternativ xəttin, nəqliyyat-logistika yolunun olması Çin və Aİ ölkələrinin marağındadır. Bu böyüklükdə olan ticarət dövriyyəsinin Azərbaycan ərazisindən keçməsi ölkə iqtisadiyyatına müsbət təsir edəcək”, - deyə A. Satıcı qeyd edib.

Zəngəzur dəhlizinin ölkə iqtisadiyyatına verəcəyi töhfələr

Zəngəzur dəhlizinin önəmi həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan çox vacibdir və Azərbaycanın tarixinin əvəzedilməz parçası olaraq qalır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək.

“Zəngəzur dəhlizi iqtisadiyyatı sıxılmış Ermənistan üçün də kifayət qədər əhəmiyyət kəsb edir. Pol Kruqmanın çox gözəl bir sözü var. O, deyirdi ki, Kanada özündən daha çox ABŞ-a yaxındır. Biz bu ifadəni Ermənistanla Azərbaycan arasında tətbiq etsək onu deyə bilərik ki, Ermənistan özündən çox Azərbaycana yaxındır. Biz bunu nəyə əsasən deyirik? Ermənistanın 1 570 kilometrlik sərhəd xəttinin 2/3 hissəsi Azərbaycanladır. Yerdə qalan sərhədin 1/3 hissəsinin böyük əksəriyyəti isə Türkiyə ilədir. Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərini bağlayıb, bu da 80%-dən çox Ermənistan sərhədlərinin bağlanmasına gətirib çıxarıb. 44 kilometrə bərabər olan Ermənistan-İran sərhədi isə yüklənmə düşdüyü müddətdə bir o qədər də əlverişli deyil. Ermənistanın birbaşa Gürcüstan və Rusiya ilə olan sərhədi isə mövsümi xarakter daşıdığına görə Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Zəngəzur dəhlizi tək Azərbaycan, Türkiyə, İran üçün yox, həm də dalana düşmüş, iqtisadiyyatı sıxılmış Ermənistan üçün də kifayət qədər əhəmiyyət kəsb edir”, - deyə A. Satıcı qeyd edib.

Dağ-mədən və emal sənayesi

Azərbaycanın yeraltı və yerüstü təbii sərvətləri olduqca zəngindir. Artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i işğal altında idi. Ümumilikdə, işğal olunmuş torpaqlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Yeraltı ehtiyatlar içərisində qızıl yataqları mühüm əhəmiyyət kəsb edir.

Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, “Azərkosmos” ASC-nin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.

Bu gün əsas məqsəd işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir.

Mərkəzinin eksperti Ayxan Satıcının fikrincə, Qarabağ ərazisində yerləşən Kiçik Qafqaz dağları tək qızıl yataqları ilə deyil, bir çox faydalı qazıntılarla, təbii ehtiyatlarla zəngindir və bunun zənginliyinin Azərbaycan iqtisadiyyatında xüsusi rolu ola bilər.

“Qarabağda olan faydalı qazıntıların Azərbaycan iqtisadiyyatında öz böyük rolu olacaq. Bir çox yataqlar var ki, onların gələcəkdə istismarı Azərbaycanın iqtisadiyyatına daha böyük töhfələr verəcək. Bu yataqlardan biri Zəngilan rayonundakı Vejnəli qızıl yatağıdır. Bundan əlavə, Kəlbəcərdəki Zod qızıl yatağını və Ağdərədəki Qızılbulaq qızıl yataqlarını misal gətirmək olar. Qeyd edək ki, sənaye ehtiyatları təsdiq olunan qızıl ehtiyatlarının həcmi 132,6 tondur. Bunun dünya bazarlarında dəyəri 8 mlrd. ABŞ dolları civarındadır ki, bu da kifayət qədər böyük bir rəqəmdir. Bundan əlavə, Qarabağda bir çox təbii ehtiyatlar var, hansılar ki, tikinti və digər sahələrdə istifadəyə yararlıdır”, - deyə A. Satıcı bildirib.

Ümumilikdə, təbii faydalı qazıntıları bir neçə kateqoriyaya bölmək olar. Onlardan ən birincisi əlvan metallar və onların metallurgiyası, ikinci – tikinti materialları, üçüncü isə nadir metallardır. Ekspertin sözlərinə görə, əlvan metallar və onların metallurgiyası tikinti materialları ilə birlikdə ümumi iqtisadiyyata, yəni ənənəvi iqtisadiyyata xas olan bir materiallardır və sözügedən faydalı qazıntılardan ənənəvi iqtisadiyyatda daha geniş istifadə olunur.

Nadir metallara gəldikdə, onların araşdırılması, gələcəkdə texnoloji imkanları da cəlb olunaraq tapılması ölkə iqtisadiyyatının genişləndirilməsinə gətirib çıxaracaq.

“Hazırda bir çox dövlətlər Qarabağ regionuna investisiyalar qoymaqdadır. Xarici şirkətlər metallurgiya, dağ-mədən, emal sənayesinə investisiya yatırıb, qarşılığında həm Azərbaycan, həm də öz iqtisadiyyatına töhfə verə biləcək addımlar ata bilərlər. Bunlardan biri şübhəsiz ki, Zəngilan rayonunda yerləşən Vejnəli yatağı da ola bilər. Hazırda fəaliyyət göstərməyən bu yataq gələcəkdə istismar olunacağı gözlənilir”, - deyə A. Satıcı qeyd edib.

Qubadlı rayonunda bərpa və quruculuq işləri

Bu gün ölkəmiz tarixi günlərini yaşayır. Tarixi ədaləti qürur hissi ilə bərpa edərək, böyük zəfərin təntənəsini qeyd etdik. 28 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Sözsüz ki, indi ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma yurdlarından köçkün düşən soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin olunmasıdır.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşdırılacaq.

Ayxan Satıcı Qubadlı rayonunda son dövrlərdə quruculuq işlərinin tam sürətlə davam etdirildiyini qeyd edərək, post-konflikt bərpa prosesində infrastruktur quruculuq işlərinin olduqca vacib rol oynadığını qeyd edib. Ekspertin sözlərinə görə, bunlardan da başlıcası nəqliyyat və rabitə xətlərinin təmin olunmasıdır.

“Buna bir neçə mövqedən yanaşmaq olar. Öncə onu qeyd etmək olar ki, region daxilində nəqliyyat, rabitə və kommunikasiya xətlərinin bərpası regionun öz daxilində olan iqtisadi canlanmanı, sosial və digər məsələlərin həllinə səbəb olur. Bundan sonra Qarabağ regionunun Azərbaycanın digər region və şəhərləri ilə əlaqələndirməsi və reinteqrasiya olunması, sonrakı dövrlərdə Qarabağ iqtisadiyyatının yenidən Azərbaycanın ümumi iqtisadiyyatına birləşdirilməsinə və qazandırılmasına gətirib çıxaracaq”, - deyə A. Satıcı əlavə edib.

Ən vacib məsələlərdən biri də, Qarabağ regionunu tranzit bir mərkəz olaraq tanıtmaqdır. Tranzit mərkəz olaraq Qarabağ regionunun təqdim edildiyi təqdirdə və qeyd olunan Zəngəzur dəhlizi, həmçinin digər kommunikasiya və nəqliyyat xətlərini bura cəlb edilməsi ilə Azərbaycan nəinki öz daxilində, ümumilikdə öz iqtisadiyyatında, həmçinin regionda tranzit bir nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşə bilər. Bu isə, öz növbəsində, ticarət dövriyyəsinin və ümumilikdə Azərbaycan iqtisadiyyatının artımına müsbət təsir edə bilər.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR