Rasim Əliquliyev: “Elmlər Akademiyasının bütün qurumlarında “Wiki-qruplar” formalaşdırılıb”

 Rasim Əliquliyev: “Elmlər Akademiyasının bütün qurumlarında “Wiki-qruplar” formalaşdırılıb”
# 03 aprel 2015 13:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanın folkloru, tarixi, dili ilə bağlı və digər əhəmiyyətli məlumatların virtual məkanda, xüsusən də “Wikipedia”da yerləşdirilməsi istiqamətində işlər yüksək səviyyədə həyata keçirilir. “Wikipedia” ideologiyasının yayılması və təbliğ olunması istiqamətində işlər ardıcıl aparılır”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev deyib. O bildirib ki, artıq AMEA-nın bütün qurumlarında “Wiki-qruplar” formalaşdırılıb: “Bu qruplar “Wikipedia”da özlərinə mənsub olan məlumatları yerləşdirmək üçün formalaşdırılıb. İlk olaraq, “Wiki qruplara” İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış “Wiki mərkəz” vasitəsilə treninqlər keçirilib və sertifikatlar verilib. Açıq etiraf etmək lazımdır ki, hamı “Wikipedia”da işləyə bilmir. “Wikipedia”da işləmək üçün müəyyən vərdişlərə və biliklərə nail olmaq lazımdır. Ona görə də bu işi yaxşı təşkil etmək məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda işlər davamlı aparılır”.

R. Əliquliyev qeyd edib ki, bu prosesə elmi əməkdaşlar da cəlb olunub: “Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi araşdırmalar “Wikimetrik” araşdırmalara aiddir. Yəni, bu o deməkdir ki, riyazi və informatika texnologiyalarından istifadə etməklə “Wikipedia”da toplanmış məlumatları analiz etməklə ölkəmizə qarşı ola biləcək mümkün informasiya müharibəsinin təzahürü olan gizli sosial şəbəkələri aşkarlamağa imkan verən müxtəlif metodlar işlənilir. Biz qeyd etdiyim kimi, “Wikipedia”ya dəqiq elmlərin imkanlarından istifadə etməklə yanaşmalar edirik. “Wikimetrik” üsullarla bu tədqiqatları genişləndiririk. Aldığımız nəticələr tək Azərbaycanda yox, dünyanın nüfuzlu jurnallarında çap olunur. Azərbaycan Milli Elmlər Akademiyası bu işə ciddi əhəmiyyət verir”.

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də Prezident Administrasiyası AMEA Rəyasət Heyətinə “Wikipedia” virtual ensiklopediyası ilə bağlı məktub göndərib. Məktubda “Wikipedia” virtual ensiklopediyasının dünyadakı populyarlığı, əhəmiyyəti vurğulanıb, Azərbaycanın dünyada daha geniş tanıdılması, düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanlara malik olduğu göstərilib. Məktubda o da qeyd olunub ki, Azərbaycan “Wikipedia”da lazımi səviyyədə təmsil olunmur, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatlar yetərli deyil və bu məsələ ilə bağlı AMEA Rəyasət Heyətinə lazımi tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR