Bank Of Baku

Vahid dünya valyutasının yaradılması məsələsinin müzakirəsinə BVF da qoşulub

Vahid dünya valyutasının yaradılması məsələsinin müzakirəsinə BVF da qoşulub
# 29 mart 2009 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böhran şəraitində vahid dünya valyutasının yaradılması barədə müzakirələr daha da intensivləşib. Dünyanın iri inkişafda olan ölkələrinin təşəbbüsü ilə açılan bu müzakirələrə artıq Beynəlxalq Valyuta Fondu (BVF) da qoşulub. «APA-Economics»in məlumatına əsasən, BVF-nın başçısı Dominik Stross-Kan bəyan edib ki, «ehtiyat dünya valyutası barəsində diskussiya haqlıdır və mövcud olmaq hüququna malikdir, lakin bu müzakirələr bir neçə ay çəkəcək».
Xatırladaq ki, Çin Xalq Bankının başçısı Çjou Səoçuan bəyan edib ki, hazırda ayrı-ayrı ölkələrə bağlı olmayan və uzunmüddətli gələcəkdə sabitliyini qoruyub saxlayan ümumdünya ehtiyat valyutasının yaradılması zəruridir. Analoji bəyanatla Rusiya da çıxış edib. Bu təşəbbüslərə ABŞ hökuməti dərhal cavab verib. Belə ki, ABŞ prezidenti Barak Obama, Federal Ehtiyat Sisteminin başçısı Ben Bernanke və maliyyə naziri Timoti Qeytner öz çıxışlarında birmənalı olaraq bu təklifləri rədd edərək, bəyan ediblər ki, dolların mövqeləri çox güclüdür və vahid dünya ehtiyat valyutasının yaradılmasına heç bir ehtiyac yoxdur. B.Obamanın sözlərinə görə, «dollar çox güclüdür, çünki investorlar tərəfindən ABŞ dünyanın ən güclü iqtisadiyyatı olan ölkə və dünyanın ən sabit siyasət sistemi hesab olunur».
Sözügedən müzakirədə əsas məsələlərdən biri vahid valyutanın yaradılması və ya sadəcə dünya miqyasında dollara alternativ valyutanın tapılması sualı ilə bağlıdır. Hazırda dollara alternativ kimi yalnız avro çıxış edə bilər, lakin bunun üçün bir sıra şərt və amillər vacibdir. Avronun 1999-cu ildə yaranmasına baxmayaraq, hazırda dövriyyədə olan nağd avronun həcmi 610 mlrd-a bərabərdir ki, bu da hətta nağd dolların həcmindən də çoxdur. Eyni zamanda neft, qızıl, taxıl və bu kimi dünya miqyaslı ticarət mövqeləri üzrə hesablaşmalar və kotirovkaların aparılması proseslərində dollardan avroya keçid barədə çağırışlar da dolların zəifləməsinə və avronun güclənməsinə xidmət edə bilər. Lakin bütün iqtisadçılar və analitiklər qeyd edirlər ki, hazırda avronun mövqeləri dollardan geri qalır və bu valyutanın dünya miqyaslı valyuta rolunu oynayacağı real görünmür.
Beləliklə, ortaya yeni vahid valyutanın yaradılması məsələsi çıxır, lakin bunun da müəyyən xüsusiyyətləri var. Məsələn, neft ixrac edən ölkələrin (OPEC) vahid valyutası, Asiya valyuta vahidi və ya BVF-nin Xüsusi Borcalma Hüquqlarının (SDR) bazasında vahid ehtiyat valyutasının yaradılması ideyası çətinliklərlə üzləşəcək. Belə ki, birinci variantda valyuta həm neftin qiymətindən asılı olacaq, həm də alternativ enerji daşıyıcılarının yaradılması üzrə fəal işlərin aparılmasına görə qısamüddətli ola bilər. Hələ 2006-cı ildə Asiya İnkişaf Bankının qərarı ilə yaradılan və Asiya-Sakit okean regionunun 13 ölkəsinin valyutasını birləşdirən Asiya valyuta vahidi (ACU) üç il keçməsinə baxmayaraq, nə vahid regional valyuta, nə də zəif hesab olunan ölkələrin valyuta vahidlərini əvəz edə bilib. Əlavə olaraq regionun müxtəlif ölkələrinin iqtisadi inkişaf səviyyələrinin həddindən artıq dərəcədə fərqlənməsi baxımından ACU-nun vahid Asiya valyutasına çevrilməsi də real görünmür.
Buna görə, hazırkı mərhələdə vahid dünya valyutasının yalnız SDR-in bazasında yaradılması müzakirələrinin əsasları var. BVF-nin də bu müzakirələrdən kənarda qalmaması və hətta müvafiq təşəbbüsləri müəyyən dərəcədə dəstəkləməsi həmin amildən irəli gəlir. Qeyd edək ki, bir sıra ölkənin BVF-da olan payı artıq SDR-da nominallaşıb ki, bu da prosesə baza kimi qəbul oluna bilər. Lakin əsas məqam siyasi məsələ ilə bağlı olacaq: ABŞ-ın bu sahədə mövqeləri çox güclüdür və rəsmi Vaşinqtonun dollardan imtina etməsi heç bir variantda real görünmür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR