Bank Of Baku

Azərbaycanda hüquqi şəxslərin mənfəət, əmlak və yol vergisi, fiziki şəxslərin isə gəlir vergisi üzrə bəyannamələrinin qəbulu başa çatır

Azərbaycanda hüquqi şəxslərin mənfəət, əmlak və yol vergisi, fiziki şəxslərin isə gəlir vergisi üzrə bəyannamələrinin qəbulu başa çatır
# 29 mart 2009 10:12 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Mart ayının 31-də Azərbaycanda hüquqi şəxslərin mənfəət, əmlak və yol vergisi, fiziki şəxslərin isə gəlir vergisi üzrə bəyannamələrinin qəbulu başa çatır. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ilk növbədə vergi ödəyiciləri ilə müvafiq öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə onların məlumatlandırılması və maarifləndirilməsi işləri aparılır. Təkcə Bakı şəhər Vergilər Departamenti üzrə (BŞVD) 727 vergi ödəyicisinin iştirakı ilə 25 görüş keçirilib. Digər brifinq və seminarlarda isə 2008-ci ilin yekunları ilə bağlı vergi bəyannamələrinin könüllü təqdim edilməsi müddətləri barədə vergi ödəyiciləri ətraflı məlumatlandırılıb. Cari ilin yanvar-fevral ayları ərzində xidmət strukturları tərəfindən qəbul edilən vergi ödəyicilərinə 7 118 halda bəyannamələrin vaxtında təqdim edilməsi, 1 650 halda bəyannamələrin tərtib edilməsi, 4 582 halda vergilərin vaxtında ödənilməsi barədə geniş izahatlar verilib. Bununla yanaşı, vergilər nazirinin müvafiq əmri ilə mənfəət və gəlir vergiləri üzrə yeni bəyannamə və onların tərtib edilməsi qaydaları barədə də ətraflı məlumat təqdim olunub. Nazirlik tərəfindən aparılan təhlillər nəticəsində 2007-ci ilin yekunu üzrə mənfəət və gəlir vergisi bəyannaməsini gecikmə ilə təqdim edən vergi ödəyiciləri qruplaşdırılaraq və ünvanlı şəkildə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi üçün filialların vergi ödəyicilərinə xidmət şöbələrinə göndərilib. Nəticədə, vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 2008-ci ilin yekununa görə mənfəət və gəlir vergisi bəyannaməsini təqdim etməli olan vergi ödəyicilərinə 9 700-dən artıq bildiriş göndərilib. Bu bildirişlərdə vergi ödəyiciləri fəaliyyətdə olduqda müvafiq bəyannamənin təqdim edilmə müddəti, vergilərin ödənilmə müddətləri, göstərilənlərə əməl edilmədikdə tətbiq olunacaq maliyyə sanksiyaları haqda məlumatlar əks olunub.
«Maraqlıdır ki, vergi ödəyicilərinin əksər hissəsi bəyannamələrin elektron formatda təqdim edilməsini üstün tutur. Yalnız Bakıda mənfəət vergisinin bəyannaməsini təqdim etməli olan vergi ödəyicilərinin 88%-i və gəlir vergisinin bəyannaməsini təqdim etməli olan vergi ödəyicilərinin 67%-i ilə hesabatların elektron formada təqdim edilməsi barədə müqavilə bağlanılıb», - deyə Nazirlikdən bildirilib.
Xatırladaq ki, Vergi Məcəlləsində hesabatların vaxtında təqdim edilməməsinə, vergilərin vaxtında ödənilməməsinə və yayındırılmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub. Belə ki, vergi qanunvericiliyinə əsasən, vergi hesabatının və ya fəaliyyətin olmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisi vergi orqanının qərarına əsasən 40 manat məbləğində cərimələnir. Bundan başqa, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin, vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1%-i məbləğində faiz tutulur. Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edərsə və bu zaman ödənilməli olan verginin məbləği tamamilə ödənilərsə, hesabatın verilmə müddəti üç ayadək uzadılır.
Ötən il 2007-ci il üzrə toplanan mənfəət, yol və əmlak vergiləri 3 004,54 mln. manata yaxın olub və ümumi vergi tədiyyələrinin həcmində 52,28% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR